Son günlər yerli Avroviziya fandomu arasında təmsilçinin kim olması ilə aparılan müzakirələr daha da intensivləşib.
OLAY “Songfestival.azerbaijan”a istinadən yazır ki, təmsilçinin açıqlanmasına sayılı günlər qaldığı bir vaxtda, fandom daxilində konkret bir gözlənti formalaşıb. Bir çox yerli fan hesab edir ki, Avroviziya 2026 üçün Azərbaycanın Alizade, Sabina Beyli, Mila Miles və Günay Bədəlova kimi fərqli musiqi xəttinə malik ifaçılarla təmsil olunması maraqlı və düşünülmüş seçim ola bilər.
Alizade Azərbaycan səhnəsində rep və hip-hop janrında tanınan, müasir ritmlər və açıq mətnlərlə seçilən ifaçıdır. Sabina Beyli pop və soul üslubunda güclü vokalı və səhnə intizamı ilə Avroviziya formatına uyğun, stabil performans vəd edir. Mila Miles isə alternativ pop və elektron pop tərzi, vizual yanaşması və fərqli səslənişi ilə beynəlxalq auditoriya üçün diqqətçəkən faktor kimi görülür.
Günay Bədəlova isə cover ifaları ilə tanınan, pop və ballada janrında çıxış edən, emosional təqdimatı və təmiz vokalı ilə seçilən ifaçıdır. Onun repertuarı Avroviziya səhnəsi üçün duyğusal balans və klassik pop xətti baxımından maraqlı töhfə hesab olunur.