Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) ölkənin bir sıra tanınmış televiziya kanallarına və bir radio stansiyasına qarşı inzibati cərimə qərarı çıxarıb.
OLAY yazır ki, cəzalandırılan media qurumları arasında Sözcü TV, Halk TV, ATV, Show TV, Star TV, NOW TV, Kanal D və Kafa Radyo var. Qurumun tarixində ilk dəfə olaraq ATV kanalı da cərimə tətbiq edilən media subyektlərinin siyahısına salınıb.
Sözcü TV və Halk TV: Canlı yayımlarda səsləndirilən siyasi fikirlər və müxalifət liderlərinin bəyanatları zamanı "tərəfsizlik və doğruluq" prinsiplərinin pozulması əsas gətirilərək 1% həcmində inzibati cərimə kəsilib.
NOW TV, Kanal D, ATV, Show TV və Star TV: Bu kanallarda yayımlanan bəzi serial və proqramlarda ("Halef", "Daha 17", "Esra Erol'da" və s.) uşaq və gənclərin fiziki, zehni və mənəvi inkişafına zərər vura biləcək məzmunlara yol verildiyi bildirilib.
RTÜK-ün idarə heyətinin üzvü Tuncay Keser bu qərarların əleyhinə səs verdiyini açıqlayıb. O, siyasi müzakirələr və canlı yayım bəyanatlarına görə media qurumlarının cəzalandırılmasını kəskin tənqid edib:
"Siyasi partiya liderlərinin canlı yayımdakı fikirlərinə görə yayımçını cəzalandırmaq RTÜK-ün səlahiyyətində deyil. Medianın vəzifəsi siyasətçilərin dediklərini senzura etmək yox, ictimaiyyətə çatdırmaqdır. Bu addım mətbuat azaddlığına və düşüncə müxtəlifliyinə tamamilə ziddir".
Qeyd edək ki, "Daha 17" serialında azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rol alır.