Kinoprodüser və aktrisa Sevinc Əliyeva yeni layihəsini təqdim etməyə hazırlaşır.
OLAY yazır ki, “Vətəndaş A” serialı böyük səs-küy gətirən sənətçinin şirkəti “SFN Production” İctimai Televiziya ilə yenidən əməkdaşlıq edib. Onlar bu dəfə “Mikrorayon” serialını tamaşaçılara təqdim edəcək.
Hekayə Sovet dövründən qalan və müasirləşməyən mikrorayonda baş verən hadisələrdən bəhs edir. Hekayə əsasən Sumqayıtda cərəyan edir. Bir qrup yeniyetmənin dostluğu, ailə problemləri və iç dünyaları göstərilir. Burda uşaqlar yalnız oynamaq və əylənmək üçün deyil, həm də həyatda ilk ciddi sınaqlarını yaşamaq üçün bir araya gəlirlər.

Əsas qəhrəmanlar Adil, Fərid, Sabir, İdris və Daşqın - hər biri öz travmaları, qorxuları və arzuları ilə mübarizə aparan yeniyetmələrdir.
Layihədə illər sonra ekranlara dönən Əməkdar artist Məsmə Aslanqızı baş rollardan birini canlandırır. Serialda eyni zamanda Eltəkin Xan, Ülvi Haşım, Orxan İskəndərli, Elşən Əskərov, Nataban Qeybani, Oktay Mehtiyev, Vüsalə Ağayeva rol alır.
Bundan başqa, Əməkdar artist Şövqi Hüseynov, Elşən Rüstəmov, aktyorlar Abbas Qəhrəman, Niyaz İlyasoğlu, aktrisalar Zemfira Əbdülsəmədova, Zülfiyyə Qurbanova, Şəlalə Şahvələdqızı və başqaları çəkilib.
Serialın rejissoru Qulu Əsgərov, ideya müəllifi Sevinc Əliyeva, ssenari müəllifi Gəray Həsəndir.
Çəkilişləri Sumqayıt, Sahil qəsəbəsi və Bakıda baş tutan ekran işi 12 bölümdən ibarətdir. Tezliklə İTV-də yayımına başlanılacaq.