Ötən gün təqdim edilən Avroviziya mahnımız “Just Go” sosial mediada təəssüf hissi ilə qarşılanıb.
OLAY yazır ki, müsabiqənin fanatları, məşhurlar mahnının demode olduğunu, yaxşı mahnı olmadığını qeyd ediblər.
Şairə Zəhra Bədəlbəyli sosial mediada mahnıya etiraz edənlərdən biri olub.
“Sadəcə təəssüf! O boyda əziyyəti bu yerə gətirdiniz. Mənim Azərbaycanım buna layiq deyil! “Avroviziya” mahnı müsabiqəsinin uşaqlıqdan pərəstişkarıyam. Sonradan isə tale elə gətirdi ki, onun mütəxəssislərindən biri oldum. Çünki seçim turlarının təşkilatçısından tutmuş şair, münsif, tur menecer, rejissor və s. vəzifələri yerinə yetirmişəm.
Komanda! Komanda! Komanda! Çox vacib və əsas amildir! Peşəkar komanda olmasa, komandaya rəhbərlik edən peşəkar insan olmasa, heç nə alınmayacaq! İstedadlı ifaçı işin 10 faizidir. Yaxşı mahnı hardasa 30 faizi. 20 faiz səhnə quruluşu, qalan 50 faiz isə məhz peşəkar hazırlıqdan asılıdır. Həm mahnının yazılma prosesi, həm konseptual yanaşma – hər bir xırdalıq vacibdir. Xalqımız o qədər istedadlı xalqdır. Bu istedadlı ifaçıları niyə atəşə atırsınız? Niyə onlar bu neqativi yaşamalıdır? Niyə biz peşman olaraq bu müsabiqənin adını çəkməliyik?”.
Müğənni Nura Suri də mahnını və klipi “Bərbad” adlandırıb.
“Tamam, bildik “Eurovision” Azərbaycan üçün bitib, amma bu belə həvəskar işə rəvac verməməlidir…. Axı “Eurovision” təkcə vokal ifaçılıq yarışması deyil. Təəssüf…”, - deyə, aparıcı Murad Əzimzadə bildirib.
Jurnalistlər Seymur Zəkaryayev, Feliks Vişnevetskiy, Elvin Elxan, Pərviz Hüseyn də mahnını bəyənməyənlər sırasındadır. Onlar bu barədə sosial mediada yazıblar.
“Bu “Eurovision”u niyə belə gözümüzdən salırsınız axı? Sizin “zövqünüz” sayəsində artıq illərdir finala keçmirik və bu il də onlardan biri olacaq”, - deyə, müğənni Elvin Babazadə də fikrini yazıb.
Avroviziya fanatları da rəsmi səhifədə paylaşılan klipin şərh bölməsində öz etirazlarını bildiriblər. Ayrı-ayrı fanat qruplarında da deleqasiyanın seçimi narazılıqla qarşılanıb.
Mahnımız Azərbaycan müsabiqə tarixində ilk dəfə olan fan səsverməsində sonuncu sırada qərarlaşıb.
Mahnının 2019-cu ildə Moldovanı təmsil etmiş Anna Odobeskunun “Stay” mahnısına bənzərliyi sosial mediada diqqət çəkib.
Bundan başqa, Avroviziya fanatları mahnıya reaksiya videosu çəkməkdənsə, Azərbaycanın ildən-ilə müsabiqədə enişi ilə bağlı videolar yayımlayıblar.
Deleqasiyanın rəhbəri Nurlana Cəfərovanın mahnını və iştirakçını sosial media hesabında paylaşmamağı da gözdən qaçmayıb.
Mahnımız isə 7,5 milyonluq Avroviziya yutub kanalında cəmi 75 min baxış toplayıb.
Qeyd edək ki, Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində “Just Go” mahnısı ilə JIVA təmsil edəcək. Beynəlxalq Mahnı Müsabiqəsi bu il Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may tarixlərində baş tutacaq.