Bloger Fidan Zeyn yenidən iş xanımı Könül Həmzəyeva ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Fidan səhifəsində müraciət ünvanlayıb:
“Yoldaşı ilə görüşdük idarədə, razılığa gəldik ki, az-az ödəniləcək. Xahiş edildi ki, övladlarına xatir paylaşım olunmasın. Mən də humanist davranıb razılaşdım. Halbuki mənə 154.000 AZN pulu 20 günə dirəyib maşınımı satdırıb almışdı, guya işə qoyulacaq. Yadınızdadır necə tələsik maşın, torpaq satırdım? Amma 7 aydır cəmi 22 min pul ala bilmişəm. Hələ də maşınsızam, şükür bu günümüzə, amma uşaqlarım üçün, evim, anam üçün istədiyimi edə bilmirəm. Ruzi-ni böyüdə bilmirəm. Yenidən sizdən dəstək istəyib bu mövzunu şişirdəcəyəm. Çünki həmin insan abırına bürünüb oturmaqdansa hələ də orda-burda adımı çəkib yalan məlumat yayır, təhqir edir. Mənə dedilər 3 qızımız var, onlara xatir paylaşım olmasın. Bəs mənim atam ata deyil? Mən övlad deyiləm? Yandırır ki, ustaların mənim reklam etdiyim salona gəliblər? Yaxşı rəhbər olardın, yanında qalardılar. Məni Xəzər Rayon Polis İdarəsi zərərçəkən olaraq rəsmi şəkildə tanıyıb. Şahidlər dindirilib.
Məndən alınan illik icarənin ödənilmədiyi təsdiqlənib. Məndən alınan 46850 AZN lazer aparatının pulunun ödənilmədiyi təsdiqlənib. Şükür, alnım açıq, dilim uzun. Qeyd edim ki, başqa borca görə həmin insanın adına cinayət işi də açılıb, hal-hazırda polis nəzarəti altında çöldədir. İstintaq gedir. 10 manat itirəndə adətən fikir çəkilir ki, hara xərclədim? Hara oldu? Mən 154 min itirdim. Həm də böyük bacı dediyim tərəfindən aldanılaraq. Aylarla ağladım, səhər oyanırdım ki, əlim açılmır. Ürəkbulanma, baş və ürək ağrıları, əsəb pozuntusu qazandım. O da mən ağladıqca “Fidan instada yalandan ağlayır ki, hamının yazığı gəlsin” dedi. Halbuki Fidan yazıq olduğu üçün yox, ürəyi olduğu üçün ağlayırdı. Fidan sarsılmışdı.
Nə isə ki, biraz səbirli, biraz da vecsiz olmağı öyrəndim. Mənim uşaqlarıma sağlam ana lazımdır. İnşallah ki, bu məsələ tezliklə həll olar. Mənə çox maraqlıdır ki, heç zərərçəkmiş kimi deyil, sıradan bir vətəndaş kimi “iş qurmaq” adı ilə mənə külli miqdarda dələduzluq edilsin və hansısa səbəblərdən həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilməyərək polisin nəzarətinə verilsin. Mən bu günə qədər susmuşamsa, bu, yalnız öz iradəmə, qadınlığıma və iki övladıma görə olub. Belə ki, həmin şəxsin həyat yoldaşı mənə müraciət edərək, üç qız övladını nəzərə alaraq möhlət istəmiş, dəymiş zərərin ödənilməsini öz üzərinə götürdüyünü bildirmiş və xüsusilə bu məsələni ictimailəşdirməməyimi xahiş etmişdir. Barəsində dələduzluq maddəsi ilə cinayət işi açılmış şəxs həbs edilməsə də, bu günə qədər mənə dəymiş zərər ödənilməmiş, əksinə, Azərbaycan Respublikasının qanunlarını açıq şəkildə heçə sayaraq ödənişdən imtina ediləcəyi bildirilmişdir. Bundan əlavə, bildirirəm ki, həmin şəxs hazırda azadlıqda olmasından istifadə edərək mənə və digər zərərçəkmiş şəxslərə qarşı təzyiq göstərməsi, hədə-qorxu gəlməsi, müxtəlif yollarla qorxu yaratmağa çalışması, barəmizdə yalan məlumatlar yayacağı ilə hədələməsi halları mövcuddur. Bu isə onun azadlıqda qalmasının istintaqın normal gedişinə mane olmasına, zərərçəkmiş şəxslərə təzyiq etməsinə və yeni hüquqazidd əməllər törətmə ehtimalına əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, həmin şəxs barəsində daha ağır qətimkan tədbirinin — həbs qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər zərurət mövcuddur. Xahiş edirəm, həmin şəxsin polisin nəzarəti qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi barədə göstəriş verəsiniz. Müraciətim Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Xəzər Rayon Polis İdarəsinin rəhbərliyinə ünvanlanır. Hesab edirəm ki, belə əməllər törətmiş şəxsin qanun qarşısında layiqli cəza alması təmin edilməli və ədalət bərpa olunmalıdır. Ümid edirəm ki, aparılan istintaq nəticəsində bu şəxs barəsində həbs qətimkan tədbiri seçiləcəkdir.
Bəli, Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.