Avroviziya qalibimiz Nigar Camal builki mahnımızla bağlı danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər”də açıqlama verib:
“Çox söz deməyəcəyəm. İstəyirəm bizi yüksək səviyyədə təmsil etsin. “Avroviziya”nın formatı bir az dəyişib. Deyirlər, gözəl səsi var. Bəli, gözəldir. Amma orada elə gözəl səslər var ki... Bizdən ən gözəl səsi göndərsən belə, onlarda daha yaxşısı olacaq. Yaxşı mahnı olmalıdır. Mahnıdakı sözlər bizim dildə danışan və düşünən insanın fikirləri olmamalıdır. Avropada yaşayan, onlar kimi düşünən biri mahnı yazmalıdır. Mahnını eşidən kimi bildim ki, bizimkilər yazıb. Qız hazırlaşır, çətindir. Bizi bundan öncə Ukrayna komandası hazırlayırdı. Bizimlə o qədər möhtəşəm bir komanda işləyirdi ki... Bizə daha asan idi. Jiva üçün daha çətin olacaq, bilmirəm onunla hansı komanda işləyir. “Euromedia” kimi peşəkar komanda deyil. Çox təəssüf ki, Avropa ölkələrindən çox mənfi şərhlər gəlir. Çünki Azərbaycan həmişə beşlikdə olurdu. Son illər finala keçə bilmirik. Ümumiyyətlə, müğənninin enerjisi olmalıdır. Bu işlə məşğul olsaydım, rok stilində Sabina Beyli, rep stilində Alizade mükəmməl olardı. Onun mahnısı, stili gözəldir. Onlar enerjili xanımlardır. Bir də Nərmin Kərimbəyovanın getməsi haqda danışırdıq... Çox maraqlıdır, əyləncəlidir. Enerjisi var. Əvvəl təkcə mahnı oxuyurdun, indi yeni nəsil yaxşı rəqs edir. Çox təəssüf ki, bizdə çıxsın, möhtəşəm rəqs eləsin – belə müğənni yoxdur. Nə qədər istedadlı sənətçi olsa da, əsas onunla işləyən komandadır. Uğurlar arzu edirəm, bir məsləhətim var ki, sosial şəbəkələrdə şərhləri oxumasın. O zaman bizə icazə vermirdilər, qadağa qoymuşdular. Sadəcə hazırlaşsın, inşallah bizi yüksək səviyyədə təmsil edər”.
Qeyd edək ki, Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində “Just Go” mahnısı ilə JIVA təmsil edəcək. Beynəlxalq Mahnı Müsabiqəsi bu il Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may tarixlərində baş tutacaq.