Sevilən müğənni Elçin Cəfərov uzun müddətdir üzərində çalışdığı ilk solo konsert proqramı - “Bizə hər şey yaraşır” ilə tamaşaçılara unudulmaz və zəngin bir gecə yaşadıb.

OLAY yazır ki, Heydər Əliyev Sarayı səhnəsində baş tutan möhtəşəm şou ilk dəqiqələrdən etibarən tamaşaçıların böyük marağı ilə qarşılanıb. Səhnə tərtibatı, işıq effektləri, dinamik quruluş və zalı bürüyən enerji sənətçinin ifaları ilə birləşərək izləyicilərə əsl musiqi bayramı yaşadıb.

Konsert öncəsi media nümayəndələrinin suallarını cavablandıran Elçin həyəcanlı olmadığını bildirib və bu gecənin yaradıcılıq fəaliyyətinin bir növ hesabatı olduğunu vurğulayıb.

Daha sonra səhnəyə çıxan sənətçi proqramı “Şipşirin” mahnısı ilə açıb. Tamaşaçılar konsert boyu sevilən hitləri onunla birlikdə səsləndirərək gecənin coşqusuna xüsusi rəng qatıblar.

“Nero” rəqs qrupunun müşayiəti ilə təxminən iki saat davam edən şou zamanı müğənni həm lirik, həm də ritmik hitlərini təqdim edib. Hər çıxışından sonra tamaşaçılar sənətçini ayaqüstə qarşılayaraq ona böyük sevgi nümayiş etdiriblər.

Bu özəl gecədə müğənnini ailəsi və oğlu Can da tək qoymayıb.

Aparıcılığını İlkin Həsəninin etdiyi konsert proqramı boyunca Elçin iki fərqli səhnə obrazı ilə tamaşaçı qarşısına çıxıb. Onun səhnə üslubu üzərində stilist Elnur Həsənov çalışıb.

Xalq artisti Aygün Kazımova da Elçin Cəfərovun özəl gecəsində onu tək qoymayıb. Onlar birlikdə “La-la-fa” mahnısını duet şəklində ifa ediblər.

Qeyd edək ki, yüksək təşkilatçılığı, peşəkar səhnə şousu, qüsursuz canlı ifalar ilə “Bizə hər şey yaraşır” adlı konsert son illərin ən keyfiyyətli və ən çox alqış qazanan konsert layihələrindən biri kimi yadda qalıb.

Gecə eyniadlı “Bizə hər şey yaraşır” mahnısı və uzun sürən alqış sədaları altında yekunlaşıb.