Kino sahəsində bir çox sima çəkiliş meydançalarındakı şəraitdən gileylənib.

OLAY yazır ki, prodüser Səbuhi Məmmədov bu problemi Feysbukda işıqlandırıb:

“Normal iş şəraiti olmadan ekrana, efirə, səhnəyə keyfiyyətli iş çıxarmaq mümkün deyil.  Nə qədər şikayət olacaqsa, bir o qədər aktyorların ifasına mənfi təsir göstərəcək. Tamaşaçı aktyora görə filmə, seriala baxır. Onların ifasında yaranan hekayəni seyr edir. Səhər açılan kimi bəzi serial setlərində aktyorlardan eşitdiyim iradlar, haqlı şikayətlər: Birinci, normal nahar yeməyi yerinə, dönər ilə başaldatma. Yaxınlıqda kafe ola-ola yesir kimi yol qırağında yemləmək. İkincisi, geyim dəyişmə otaqları və tualet antisanitariyası... Normal qonorar, yol pulu vermirsiniz. 12 saatdan artıq işlədirsiniz, heç olmasa, normal iş şəraiti yaradın, camaat mədəsi ağrımadan, iyrənmədən, əsəbləşmədən işi ilə məşğul olub, Biləcəridən o yana keçməyəcək serialınız üçün personaj yarada bilsin”.

S. Məmmədovun paylaşımına bir çox sənətçi şərh yazıb. Prodüser və aktrisa Sevinc Əliyeva “Neçə ildir ki, bu sistemi dəyişməyə çalışıram və inanın,  bu kimi “şəraitsizliyin” büdcəyə heç bir aidiyyatı yoxdur. Və hər kəs, hər bir aktyor, set işçisi özünə şərait tələb eləsə, düşünürəm düzələcək”, - deyə, vurğulayıb.

Xalq artisti Naibə Allahverdiyeva isə məsələyə “Tələb edənlərə o, “kaprizli”dir damğasını vururlar”, - deyərək, münasibət bildirib.

Aktyor Rza Drakon isə bu səbəbdən seriallara çəkilmədiyini söyləyib:

“İllərdi bu səbəbdən serial çəkmədim. “Sənə istədiyin qədər qonorar veririk , amma aktyorun qonorarına qarışma “- dedilər. Razılaşmadım, amma öncə aktyor öz işinə dəyər verməlidir, hamı bunu etsə, məcbur qalıb münasibəti dəyişəcəklər… Bizim aktyorlar ortaya mövqe qoymayacaq!”.

Aktrisa Rumiyyə Ağayeva da həmkarlarının fikirlərini təsdiqləyib:

“Deyəndə də,deyirlər kaprizli aktrisadı,çox danışır və s. Çünki çox adam susur. Onları da başa düşmək olar, evimizə bir tikə çörək aparmaq istəriyirik. Amma birlik olmasa, vəziyyət dəyişməyəcək”.

Aktyor İlqar Musayev isə də eyni fikirləri qeyd edib: “Hələ bu bir hissəsidir. Evdə paltar ayaqqabı qalmadı. Eh nələr var. Deyiləsi deyil”.

Gənc aktyor Elsever Rəhimov mövzu ilə bağlı bu sözləri yazıb:

“Danışmağa qalsa, hamı danışır, amma lazımi kəslərin yanında yox. Əslində olmalı olan şeyləri tələb edənin, sözü birbaşa sifətə deyənin adını problemli, “kaprizniy” qoyurlar deyə insanlar dilini udub işləyir. Təki iş olsun adı ilə mənliyindən uzaq düşməyəsən gərək”.

Aktrisa Duyğu Dəvəli də məsələyə reaksiya verib:

“Düppədüz. Belə yanaşmaya görə, uzaqlaşdım setlərdən, özümü o münasibətə layiq görmədiyim üçün. Dillənəndə də olursan “kaprizniy” aktyor”.