Olay
Olay

Edisin rayderində nələr var idi?

Edisin rayderində nələr var idi?

Məşhur türk ifaçı Edis Görgülü 2 gün ard-arda izdihamlı Bakı konserti ilə sosial medianın gündəmindən düşməyib.

Bakı Konqres Mərkəzində keçirilən tədbir üçün bir gün öncə paytaxtımıza təşrif buyuran ifaçı orkestri, rəqqasları və texniki komandası ilə birgə hava limanında görüntülənib.

Jurnalistlərin suallarını cavablandıran Edis konsertində insanları sürpriz gözlədiyini bildirib.

Azərbaycan tarixində ən tez satılan konsert mükafatına layiq görülən Edisi 2 gün 7 minə yaxın insan izləyib. 90 dəqiqə səhnədə canlı 29 mahnı ifa edən sənətçi rəqsləri ilə diqqət çəkib. Antraktsız, sadəcə su içərək səhnədə qalan Görgülü məşhur Azərbaycan mahnısı “Ayrılığ”ı da ifa etməyi unutmayıb.

Paytaxtımızı çox sevdiyini bildirən müğənni, bir Los-Anceles, bir də Bakıda rahat yaşaya biləcəyini, buradan ev almaq istədiyini söyləyib.

30 nəfərlik komandası, musiqiçiləri, rəqqasları və vokalçısıyla şou göstərən Edis konsertin ilk günü “Twitter”in Azərbaycan seqmentində trendlərdə yer alıb.

Həmçinin digər sosial şəbəkələrdə də tədbirlə bağlı saysız-hesabsız paylaşımlar edilib.

Çoxlarını maraqlandıran isə başqa bir sual var idi, bəs, Edisin kaprizləri varmı? O, səhnəöncəsi nələr tələb edib?

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi digər həmkarları kimi böyük əziyyət tələb edən rayder istəməyib. Sizə Edisin “olmazsa olmaz”larını və qidalanma şəklini təqdim edirik:

Səhərləri onun menyusunda 2 dilim ananas, 2 dilim xiyar, 1 fincan detoks suyu (tərkibində nanə, darçın və keşniş olmalıdır) var.

Nahardan öncə 2 və ya 3 xiyar, 50 qram qoz və bol su mütləqdir. Günortanı da 2 dilim ananasla yola verən Edis bol su içməklə kifayətlənir. Axşamüstü roka, çiyələk və ananaslı salatla qidalandıqdan sonra yenidən suyunu içməyə davam edir. Axşam üçün isə göyərtili salatla, pəhrizə daxil olan xiyar mütləqdir.

Ümumi gün ərzində isə pop sənətçi bunları yeyir: qaynadılmış basmati düyüsü, qızardılmış toyuq, qranola (buğda qarışığından olan şirniyyat – red.), şəkərsiz badam südü, qaragilə, sadə xırtıldayan çörək.

Müğənninin kulisində isə türk mətbəxinin “relax” içkisi “ıhlamur” mütləq olmalıdır. Təmiz dəsmallar, xalat, qəhvə, doğranmış və bütöv meyvələr, bal, müxtəlif çərəzlər də bura daxildir.

Fotolar: Nuran Məmmədov