Xalq artisti Röya Ayxan dizayner Aynur Xəlilovanın yutub platformasında yayımlanan “Hərşeyşünas” podkastının mövsüm finalında qonaq olub.
OLAY yazır ki, sənətçi verilişdə efir məkanında yer alan musiqilərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bayağı musiqilərin qarşısını almaq sənətçilərdən deyil, televiziya və kanal rəhbərlərindən asılıdır:
“Bayağı musiqidən nə qədər danışsaq da, bir şey edə bilməyəcəyik. Bunu kanal rəhbərləri bilər. Biz, yəni radio tərəfi, öz işini gözəl görür. Cavan qızlara baxıram – gözəl, qəşəng qızlardır, səsləri də pis deyil. Bəlkə seçimləri pisdir, bəlkə onlara belə başa salırlar”.
Röya gənc ifaçılara da səslənərək, dəyişiklik etməyə təşviq edib:
“Əzizlərim, gözəl xanımlar, istəmərəm birinizin xətrinə dəymək. Amma nəfs çox pis şeydir. Ruzidə elə bir şeydir ki, Allah deyir: “Mən özüm bilərəm kimə nə verərəm”.Bir yoxlayın dəyişməyi. Mən lirikaçıyam. Mən lirika ilə nə qazanacağam? Gedib gəlinlə bəyi ağladım bütün günü? Bir yoxlayın da…”
O, bayağı mahnı anlayışına da fərqli baxdığını qeyd edib:
“Mən həmişə deyirəm: bayağı mahnı yoxdur, onun pis təqdim edicisi var. Vallah, götürərəm birinizin mahnısını, oxuyaram və sübut edərəm ki, siz onu pis təqdim edirsiniz”.
Sənətçi ifaçıların bəzən maddi qorxularla səviyyəli musiqidən uzaqlaşdıqlarını bildirib:
“Qorxurlar ki, qulaq asmazlar, toya çağırmazlar. Əşi, bir il yığdınız – maşallah, maşınlarınız, evləriniz var. İndi bir az da az qazan. Çünki ən çox siz rayonlara gedirsiniz, orada da böyüyən uşaqlar var axı…”
Röya öz uşaqlıq xatirələrindən də danışaraq bildirib ki, bu problem təkcə bu dövrə aid deyil:
“Mənim də dövrümdə “Əmiqızı” mahnısı vardı (oxuyur). Mənim 10 yaşım vardı, İsmayıl və Ayxan doğulanda atam bizi Ağdama qonaq apardı. Bütün əmi uşaqları o mahnını oxuyurdu mənə. Yəni o vaxt da bu var idi, sadəcə kanallar buna icazə vermirdi”.
Sonda isə o, sənətçilərin öz övladlarını hansı dəyərlərlə böyütdüyünü sual altına alıb:
“Hamısı bayağı oxuyur, amma hamısının da uşaqları ingilis dilli məktəbdədir. Yaxşı şeydirsə, niyə öz dilində oxutdurmursan? Qoy sənin dilində olan məktəbə getsin, sənin mahnılarını orada eşitsin. Mənim uşağım sizi tanımır, ancaq xariciləri tanıyır. Çünki sizdən qorumaq üçün, bəs sən kimdən qoyursan uşağı aparıb ora qoyursan?”