Mədəniyyət naziri Adil Kərimli Bakıda vətəndaşları və bir neçə sənətçini qəbul edib. Nazirlə görüşənlər sırasında “Dəli Kür”ün Mələyi, Əməkdar artist Zemfira Sadıxova da olub.
Seviləm aktrisa görüşün məğzi barədə OLAY-a açıqlama verib.
O bildirib ki, A. Kərimlidən Xalq artisti adı ilə bağlı xahiş edib:
“Xahişim Xalq artisti adı ilə əlaqədar idi. Mən Əməkdar artistəm, Xalq artisti adı istəyirdim. Xahiş etdim, Nazir dedi ki, müəyyən bir vaxtdır, heç kəsə Fəxri ad verilmir. Ona görə də sizə ad verə bilmirik. İnanmıram ki, yaxın zamanda gündəmə gəlsin. Əgər bu müddət ərzində yığışdırılıbsa, deməli heç olmayacaq. Bilirsiniz, bir çox Xalq artistləri var ki, pulla, dayıyla, əmiylə, xalayla bu işləri həll edirlər. Mən ev xahiş etmişdim, vermədilər. 25 ildir qızımın evində qalıram. Çünki ürəyimdən əməliyyat olunanda evimi satmışdım. Qızımın evində qalmağa məcbur idim. Ev də vermədilər. Getmişdim ki, bəlkə Xalq artisti adı verərlər. Mənə 1970-ci ildə Minsk şəhərində ən yaxşı aktrisa oyununa görə fəxri mükafat vermişdilər. “Dəli Kür”dəki Mələk obrazına görə... Sonra bir çox xarici filmlərin dublyajında yer almışam, Gürcüstanda, Azərbaycanda, Moskvada filmlərə çəkilmişəm. 85 yaşım var, kino fəaliyyətimin 60 illiyidir. Axırıncı dəfə 2019-da “Qış nağılı” filminə çəkilmişəm, vəssalam. O qədər filmlərdir. Yəqin ki, bu da mənim bəxtimdən asılıdır. Bu yaşa gəlib çatdım, Xalq artisti adı ala bilmədim. Bu qədər Xalq artistləri var, heç camaat tanımır, məni isə tanıyırlar, sevirlər. Nazir özü dedi ki, Zemfira Sadıxova brenddir.
Sağ olsun, qiymətləndirdi, başa düşdü. Bilir ki, mən necə sənətkaram. Xarici görünüşdən danışmıram, göz qabağındadır. Dedim ki, İlham Əliyev Prezident təqaüdü verib, “Xalq artisti” adı ilə də zəhmətim tamamlanardı. Ancaq vermədilər, olmadı. Bilirəm ki, məni millət necə sevir, mənimlə, sənətimlə bağlı ancaq müsbət danışırlar. Tərbiyəmdən, mədəniyyətimdən, kübarlığımdan həmişə bəhs olunur. Alnım açıq, başım yüksəkdir. Bacardığım qədər, vaxtında nə qədər filmə çəkilmişəm. Yəqin ki, fəxri adlar bundan sonra verilməz, verilməsə, yaxşıdır. Heç olmasa, yalançı adlar olmazdı. Xalq sevdiyi sənətkara öz qiymətini verərdi”.