Olay
Olay

“Ağlıma gətirməzdim ki, “Zəif bənd”də olaram”

“Ağlıma gətirməzdim ki, “Zəif bənd”də olaram”

Aparıcı Kamilə Babayeva bir vaxtların reytinqli layihəsi “Zəif bənd”ə seçilməsindən danışıb.

OLAY yazır ki, bu barədə o “Pərvizə görə”də açıqlama verib. Kamilə deyib ki, əslində layihəyə ilk vaxtlar başqa aparıcı təyin olunub:

“”Zəif bənd” mənim üçün çox çətin idi. Düşünürəm ki, mənim qədər layihədə çalışan hər kəsə çox çətin idi. Proyektin aparıcısı mənə qədər təsdiq olunmuşdu. O dövrdə əməkdaşlarımızdan biri idi. Mənim heç bir rolum olmayıb onun dəyişilməsində… Özüm özümdə ağlıma belə gətirə bilməzdim ki, “Zəif bənd”də olaram. Sadəcə bilirdik ki, belə bir layihə var, aparıcısı Londona gedib, müəyyən təcrübə toplayıb. Bu, möhürdür, yəni aparıcı var. Lakin birdən kanalda şayiə kimi yayıldı ki, layihənin aparıcısı yoxdur, necə olacaq? Gözlərdə görürsən ki, hər kəs özünü proyektin aparıcısı kimi görür. Mən isə ağlımın ucundan belə keçirmirdim, çünki “Zəif bənd” ciddi, mən şən… Günlərin bir günü baş prodüser məni çağırır. Mən də öz əhval-ruhiyyəmlə gəldim. O gün ciddi kostyumda idim, saçlarım toplanmışdı, öz eynəyini verdi, fotoqrafı çağırdı, dedi, bir az ciddi dayan. Mən də yenə başa düşmürəm. Bir sağa bax, bir sola, dediklərini etdim. Bir neçə gün sonra dedi ki, deyəsən başıma bir iş açmışam, sənlə “Zəif bənd”i davam etdirməliyik, başa düş ki, məsuliyyətin çoxdur. Ən böyük məsuliyyət Emin müəllimə, ən böyük yük isə rejissor Vüqar Vəliyevə düşdü. Çünki ona tapşırmışdılar ki, harda bərkdən danışsam, yaxınlaşıb desin ki, ucadan danışmamalısan, söhbətini heç kim eşitməməlidir. Efirdən kənarda emosiyalarımı yığışdırmağa çalışırdılar. Proyektin başlamağına 6 ay var idi və çox riskli dövr idi. Kanalın rəhbərliyi demişdi ki, deyəsən, fiyaskonun astanasındayıq, alınacaq, alınmayacaq bilmirik. Tək məşqdə yox, məşqdən kənarda da məni nəzarətdə saxlayırdılar, bu, mənə qıcıq verirdi. Çünki anlamırdım, məni əsəbiləşdirirdi ki, məşqdə ciddi olum, koridorda, bufetdə niyə bunu tələb edirsiniz? Özü də gəncsən, söhbətin bol olan vaxtlarıdır, ölürəm qiybət üçün. İndi çox sevmirəm, bəlkə də qiybət həddimi çox doldurmuşam, zamanında yəqin bu söhbətlər çox idi, ondan danışırdın, bundan danışırdın. Amma sənə bunu qadağa edirdilər ki, olmaz. İlk məşqlərdə redaktorlarımız oyunçunu əvəz edirdilər. Onların gözündə görürsən ki, deyirlər, səndə alınmayacaq. Oyun zamanı nəsə deyirəm, sonra cavab verməliyəm. 

Cavabda qalıram belə. Qasım müəllim kəskin cavab verir ki, hə? Mən də Emin müəllimə deyirəm ki, dəyişin aparıcını, məndə alınmayacaq. Çox böyük iş görüldü, yük mənim üstümə qoyula bilməzdi, qayda-qanununu bilmirdim, bacara bilməzdim. Əsas Vüqar idi. Birinci bölümdən sonra qeyri-adi reaksiya oldu, sanki qurbağa gölünə daş atdılar. Kanalın prezidenti Ədalət müəllim məni güllərlə qarşıladı. Birinci çəkilişimizi bir günün səhər 11-də povilyona girdik, digər günün gündüz 5-ə 15 dəqiqə qalmış bitirdik. 40-45 dəqiqəlik verilişi bu müddətə bitirdik. Bir redaktorumuz var idi, reaksiyalarını bəlli edirdi, deyirdi inanmıram, sanki vaxt itiririk. Montajda dedi ki, o qədər saat işdən sonra sənin üzündə birinci dəqiqə ilə sonuncu dəqiqə arasında yorğunluq hiss olunmurdu. Yəqin ki, gənclik, iddia bir də zəhmətsevərlik bir-birinə qarışmışdı. Bəzən verilişdən fraqment göndərirlər. Orada sərt olmaq mənlik deyildi. Mən söz tapmıramsa, susuram və psixoloji anlar var. Sənin öz kameran var, yaxından çəkilirsən, nəsə deyirsən, mən yuxarıdan aşağı baxıram. Dəqiqə keçdikcə özünü itirməyə başlayırsan. O emosiyalardan montajda istifadə olunurdu ki, aparıcı söz olmadan nə etdi. Əslində sözlüdü, amma sözsüz anı ora yerləşdirirdilər, daha qabarıq şəkildə öz əksini tapırdı. Bəzən olurdu ki, mən söz tapmırdımsa, redaktorlar qulağıma deyirdilər. Sonda dediyin sözü deyirsən dönürsən başqasına. Bir dəfə dəqiq yadımdadır ki, redaktorun qulağıma dediyi sözü deməmişdim. Çəkilişi saxladılar, baş prodüseri çağırdılar, baş redaktorumuz Qasım Səfəroğlu çox emosiyanal, rəngli insan idi. Dedi, Emin müəllim, bu qız mən söylədiyim sözü səsləndirmir, bu qədər əziyyət çəkirik. Emin müəllim soruşdu ki, nə sözüdür? Dedik ki, budur. Söylədi ki, Kamilə düş aşağıya, başa düşmüşdüm ki, nə yaxşı həmin anda o sözü deməmişdim. Çünki şəxsiyyətə toxunacaq söz idi. Baxmayaraq ki, yaşım da çox deyildi. Amma özümə sığışdıra bilməzdim ki, o sözü verilişdə, oyunda, şouda qarşımdakına deyim”.