Aktrisa Pərvin Abıyeva AZAL-dan şikayət edib.
OLAY yazır ki, bu barədə Pərvin instaqramda videolar paylaşıb. Sənətçi deyib ki, Bakıya eniş etməli olan təyyarə Gəncəyə gedib:
“Şikayətim AZAL-dandır. 22:25 Bakı-İstanbul reysində biz Bakıda enməliydik, dumanlı hava şəraiti deyib Gəncədə eniş etdilər. Hava şəraitinə görə belə hallar yaşanır. Lakin necə olur ki, bizim təyyarə Gəncəyə eniş etdikdən sonra Heydər Əliyev hava limanına 6 təyyarə eniş edir? Bunu keçdik. Haradasa 100 nəfərdən çox sərnişin, hansı ki, aralarında xəstələr, əməliyyatdan yeni çıxmış insanlar və xarici vətəndaşlar var. Onlar Gəncə hava limanında bu cür şəraitdə 6 saatdır ac-susuz gözləyirik. Çünki bizə heç bir məlumat verən yoxdur. Bizə AZAL-ın heç bir nümayəndəsi yaxınlaşmır. Deyilənə görə, Gəncə hava limanı AZAL-ın himayəsindədir, amma ordan heç bir işçi yoxdur. Zəng edirik səbəbini soruşuruq, problemin nə vaxt həll olunacağı ilə maraqlanırıq, yenə cavab verən, əlaqə saxlayan yoxdur. Problemin həll yolunu tapmaq istəmir. Keçək digər məsələyə, burada nə qida, nə çay, nə kofe, nə su, nə də kafe var. Kafe yoxdur ümumiyyətlə, hava limanının vəziyyəti çox acınacaqlıdır. Bərbaddır, işçi qüvvəsi yoxdur. Sadəcə iki xanım və iki bəy var ki, onlar da kömək etdilər. Başqa da heç bir işçi, heç bir nümayəndə bizimlə maraqlanmır.
Ümid edirəm ki, bu məsələnin həlli bu gün tapılacaq. Dəyərli AZAL, xahiş edirəm. Bu, birinci problem deyil, neçənci problemdir yaşadığım. İstər baqajla bağlı, istər xidmətlə bağlı, işçilərin vətəndaşla danışıq tərzi olsun... Bunların hamısına xahiş edirəm ki, diqqət edilsin, problemlər aradan qaldırılsın, burada Gəncə hava limanındakı işçilərin də problemləri var. Ümid edirəm ki, bunlar aradan qalxacaq, biz evimizə sağ-salamat gedəcəyik. Bu qədər əziyyət olmaz. Bayaq sayların birində baxıram uğurlu enişdən, uğurlu nədənsə danışılır. Heç də belə deyil, vəziyyət çox bərbaddır. AZAL, son zamanlar özünün ən aşağı səviyyədəki xidmətini göstərir. Hələ ki, AZAL-da belə bir şey olmamışdı. Saat 09:28-dir biz hələ də buradayıq, gözləyirik, heç bir məlumat və kömək yoxdur. Təyyarəmiz buradadır pilot yoxdur, heç bir tərpəniş yoxdur. Saytlarda deyilir ki, Gəncə hava limanına məcburi şəkildə eniş edən insanlar təmin olunacaq, hər bir kömək göstəriləcək, haradadır? Allahın çayını verən yoxdur, saat 10-dur, 3-dən bu yana biz burada gözləyirik, ayaqüstə. Yaşlıları nəzər almaq lazım deyil? Bu vəziyyətdədir. AZAL-ın xidməti budur. Hamı ac-susuz, yuxusuzdur. Oturmağa yer yoxdur”.