Əməkdar artist Cabir Abdullayev İkinci Qarabağ müharibəsində şəhid olan 24 yaşlı çavuş Səxavət Məmmədovun məzarı başında “Qarabağ şikəstəsi”ni ifa edib.
OLAY yazır ki, sözügedən görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” proqramında yer alıb.
Bu şəhidin anası Mətanət Məmmədovanın istəyi ilə reallaşıb.
“Bizim toyumuzu Cabir Abdullayev oxuyub, düşünürdük ki, övladımızın toyunda da Cabiri gətirərik oxuyar. Təsadüfən anım günündə Cabiri gördüm, dedim, istəyirdim ki, balamın toyunda oxuyasınız, amma o arzu ürəyimdə qaldı. Oğlum şəhid olub, Cabir müəllim, bəlkə məzarının üstündə bir Qarabağ şikəstəsi oxuyasınız, mən də, balamın da ruhu şad olar. Mənə dedi, ana, arzunu indi yerinə yetirə bilmərəm, çünki ağlamışam, boğazım tutulub. Amma nə vaxtsa edərəm”.
Veriliş zamanı Cabir Abdullayevin şəhidin valideynləri ilə birgə şəhidin məzarı üstündə görüntüləri efirə verilib.
“Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin, ordumuzu qorusun”, - deyə, sözə başlayan sənətçi daha sonra “Qarabağ şikəstəsi”ni oxuyub.
Qeyd edək ki, Səxavət Məmmədov Laçının işğaldan azad olunmağı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması uğrunda”, “Qubadlının Azad olunması uğrunda” və "Laçın rayonunun azad olunması uğrunda" medalları ilə təltif olunub.