Əməkdar artist Dilarə Əliyeva aylardır hazırlaşdığı “Mintonasiya” adlı stend-ap konsertindən öncə jurnalistlərin suallarını cavablandırıb.
OLAY-ın məlumatına görə, mətbuat konfransı keçirən aktrisa 26 oktyabrda baş tutması planlaşdırılan tədbir üçün çox əziyyət çəkdiyini qeyd edib:
“Lakin o əziyyət gözünüzə görünməsin, çünki böyük keyflə, ləzzətlə təqidm edəcəyəm. Amma ora gələnə qədər çox ağlamışam. Məqsəd güldürərək düşündürməkdir, ya da duyğulandıraraq. Çünki insanların qəlbinə toxunmasan, bir yerə çata bilməzsən. İnsanların qəlbinə toxunmasan, lağ-lağıdan başqa bir şey olmur. Sözün dillərə, özün ürəklərə düşə bilmirsən. Bu gülməlidirsə, eyni zamanda düşüncəli olmalıdır. Sözü böyük nemət saydığımıza görə, hər sözü necə gəldi demək olmaz. O sözün haqqını vermək lazımdır. Güldürmək çox çətindir. Bəzən ciddi xarakteri təqdim edən aktyorları belə qəbul edirlər ki, filankəs filan obrazı oynadı. Nəzərinizə çatdırım ki, komediya o qədər ciddi janrdır ki. Mən deyəndən sonra özünüz fikir verərsiniz. Dünyada aktyor-aktrisa kataloqundan soruşsam, ciddi obrazları oynayanları misal gətirə bilərsiniz. Desəm ki, 10 komediya aktrisası sayın, siz fikrə gedəcəksiniz. Bir-iki, 3, 5 nəfəri deyəcəksiniz, sonra düşünəcəksiniz ki, bu, nədən xəbər verir?”.
Qeyd edək ki, Dilarə Əliyeva həm də bir ilkə imza atır. 26 oktyabrda Heydər Əliyev sarayında ölkə tariximizdə ilk dəfə olaraq bir qadın stend-apçının solo konserti olacaq.