Müğənni Nicat Məhərrəmov Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə müraciət edib.
OLAY yazır ki, sənətçi instaqramda video paylaşaraq atası Nazim Məhərrəmov koronavirus xəstəsi olduğu və ona aid dəyərli əşyaların FHN-nin modul tipli xəstəxanasından oğurlandığını qeyd edib:
“Atam sentyabrın 21-də xəstəxanaya yerləşdirilib. O, koronavirusa yoluxub. Bundan əvvəl Daxili İşlər Nazirliyinin hospitalında müalicə alıb. Beyin insultu keçirmişdi. Sadəcə olaraq COVID-19 olduğu üçün modul tipli xəstəxanaya yerləşdirdik. Sentyabrın 23-də atamın üzərində olan pul, ev açarları, sənədlər, bank kartları yoxa çıxıb. Bəllidir ki, ora qırmızı zona olduğu üçün xəstənin qohumları, yaxınları girə bilməz. Həmin şəxsi əşyaları götürən ya həkim, ya hansısa bir köməkçi ola bilər.
Cənab nazir Kəmaləddin Heydərova müraciət edirəm. Sizin xəstəxananızda özbaşınalıq olub. Eyni zamanda, daxili işlər naziri cənab Vilayət Eyvazova da müraciət edirəm. Atam 41 il polis orqanlarında çalışıb, dövlətin keşiyində dayanıb. Xahiş edirəm, məsələyə ciddi yanaşasız. Dəfələrlə polis orqanlarına müraciət etdim, cavabları o oldu ki, araşdırırıq. Belə özbaşınalıq, bu cür vicdansızlıq ola bilməz. Ümidvaram ki, siz bu məsələyə baxdıqdan sonra oğurluq edənlər ortaya çıxacaq”.