Olay
Olay

“Acılardan yoğrulub daha güclü yola çıxıram” – Vüsalə

“Acılardan yoğrulub daha güclü yola çıxıram” – Vüsalə

Aparıcı Vüsalə Əlizadə qəzada həyatını itirən qardaşı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, yenidən “7 canlı” verilişi ilə efirə qayıtmağa hazırlaşan Vüsalə sosial şəbəkədə bu sözləri yazıb:

“Hər gəlişim bir başqa acılı, nisgilli, şikayətli, niyələrlə dolu… Bu gün 2 aylıq 20 ilə bədəl acımı, can yanğımı, mənə ehtiyacla baxan gözləri, qalx deyən içimdəki gücü toparlayıb hesabat verməyə gəldim görüşünə…

9 il öncə əlimin içində körpə bir əl - həyatım darmadağın... Məni bağrına basıb sən bacaracaqsan, sən güclüsən, səni mən tanıyıram, qulağını kar, gözünü kor, dilini lal edəcəksən və arxanda mən varam, sən bu gündən bacım yox qardaşımsan demişdin…

Çoxmu yaxşı gəldim tapşırıqlarının öhdəsindən? Bu gün əlimdə körpə əllər, çiynimdə dünya yükü, evimdə yaşı qurumayan gözlər, arxamda qara mərmər, ürəyimdə bir ömür köz tutmayacaq yara buraxdın…

Yerini heç kimin gücü, sözü, təsəllisi doldurmur, ay sıramızı pozanım, ay cavan ömrü yarımçıq qalanım, ay həyatdan doymayanım, əhd yerim, and yerim…

Yoxluğun həyatımı alt-üst etdi, amma yenə də sənə söz verdiyim kimi, lal, kar, kor həyata davam edəcəyəm - anamıza, balalarımıza, sənin adına, mənə həvalə etdiyin əmanətlərinə, arzularına görə…

Yanına gələn günə qədər bu yük borcumdur… Borcumu ödəmək üçün uzun bir yola çıxıram, sınaqlarla dolu, daha güclü acılardan, zərbələrdən yoğrulub, daha iradəli və iddialı, sənin kimi, sənə yaraşacaq tərzdə…

Allahım səni cənnəti ilə mükafatlandırsın, başımın tacı, etdiyin xeyir əməllər, yaxşılıqlar,dürüstlüyün, mərdliyin, bu dünyada kişi kimi borcunu ödəməyin, Vətən uğrunda can verdiyin, əzab-əziyyətlərin savab əməl dəftərinə yazılsın inşallah.

Heç kimə, heç bir açıqlama vermək məcburiyyətim, borcum yoxdur, amma təminatında durmam gərəkən böyük bir ailəm var! Bu çətin sınağımda yanımda olan bütün doğmalarım, dostlarım, əzizlərim, tamaşaçılarım, izləyicilərim, məndən bu açıqlamanı gözləyən dəyərlilərim var olun! Haqqınızı halal edin!”.

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə avqustda yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.