Olay
Olay

“Friends” ulduzunun ölümünə görə 5 nəfər həbs edildi

“Friends” ulduzunun ölümünə görə 5 nəfər həbs edildi

“Friends” serialında Şendler Binq obrazı ilə milyonların qəlbini fəth edən Metyu Perrinin ölüm xəbəri, həm pərəstişkarlarını, həm də Hollivud dünyasını dərin sarsıntıya uğratdı. 28 oktyabrda Malibudaki evindəki jakuzidə ölü tapılan 54 yaşlı Perrinin “ketaminin akut təsirləri” səbəbiylə həyatını itirdiyi bildirildi. Aktyorun qanında ketamin izləri tapıldıqdan sonra jakuzidə boğulduğu qeyd olunmuşdu.

Ketamin, anksiyete və depressiya müalicəsində istifadə edilən bir maddədir.

OLAY yazır ki, Los-Anceles Bölgəsi Tibbi Ekspertiza Departamentinin hesabatında, Perrinin ölümünün “qəza” olaraq qiymətləndirildiyi bildirilib.

ARAŞDIRMA BAŞLADI

Los-Anceles polisi Metyunun ölümü ilə bağlı genişmiqyaslı araşdırma başlatdı. Aktyorun bədənində yüksək dozada aşkarlanan anestezik maddə ketamini necə əldə etdiyi araşdırılır.

5 NƏFƏR HƏBS EDİLDİ

Perrinin ölümü ilə əlaqəli olduğu düşünülən iki həkim və aktyorun şəxsi köməkçisi də daxil olmaqla beş nəfərin həbs edildiyi açıqlandı. BBC-nin xəbərinə görə, böyük miqdarda ketamin yayan narkotik tədarükçülərindən ibarət bir cinayət şəbəkəsi aşkar edilib.

ALUDƏÇİLİYİNDƏN İSTİFADƏ ETDİLƏR

ABŞ prokuroru Martin Estrada “Bu şəxslər özlərini zənginləşdirmək üçün cənab Perrinin asılılıq problemlərindən istifadə ediblər. Onların etdiklərinin cənab Perri üçün böyük bir təhlükə yaratdığını bilirdilər, lakin yenə də etdilər”, - deyə, bildirib.

Perrinin şəxsi köməkçisi də daxil olmaqla, müttəhimlərdən üçü narkotik ittihamlarını qəbul edib, digər iki nəfər - bir həkim və “Ketamin Kraliçası” kimi tanınan bir qadın - həbs edilib.

KÖMƏKÇİSİ DƏ İŞİN İÇİNDƏ İMİŞ...

Perrinin köməkçisi Kennet İvamassanın aktyora ölümündən əvvəlki həftələrdə 50 min dollar dəyərində ketamin təmin etmək üçün iki həkimlə birlikdə işlədiyi ortaya çıxıb. Rəsmilər planda iştirak edənlərin Perrinin məlum olan maddə asılılığı problemlərindən maddi qazanc əldə etməyə çalışdığını qeyd ediblər. Perri həddindən artıq dozada narkotik qəbul edərək həyatını itirməzdən əvvəl depressiya və anksiyete səbəbiylə ketamin infuziya müalicəsi alırdı. Ancaq hesabatda ona verilən son ketamin müalicəsinin ölümündən 1,5 həftə əvvəl olduğu qeyd olunub.