Şəxsiyyəti, duruşu və təvazökarlığı ilə könüllərdə taxt quran Birinci vitse-prezident Mehriban Əliyeva həm də zərif stili ilə nümunədir.
OLAY yazır ki, Birinci xanım təşkil etdiyi tədbirlər, dünyada və ölkəmizdə gördüyü vətənə yararlı işlərlə yanaşı, dəb ikonası kimi ən çox müzakirə edilən şəxsdir. “First lady” açılışlar, regionlarımıza səfərlər zamanı geyindiyi libaslar, kombinasiyalar ilə heyranedici görünüş yaradır.
Xanım Əliyeva həm idman, həm də klassik tərzi mahir şəkildə daşıya bilir. Onun saç düzümləri və zinət əşyaları “look”unu düzgün şəkildə tamamlayır.
Mehriban xanım çox vaxt libaslarında milli naxışlara üstünlük verir. Azərbaycanlı modelyerlər tərəfindən hazırlanan geyimlər əsasən qədimi naxışlarla, yaxud da Xarıbülbül detalları ilə bəzədilir.
Klassik stilində ağ, bej və qara rənglər Birinci vitse-prezidentin seçimi olur. Bəzən isə biz onu açıq, buz mavisi tonlarında libaslarda görürük.
Əslində, onun tərzini bir sözlə yazsaq, belə ifadə edə bilərik ki, Mehriban xanım Azərbaycan qadınının zərif, bir o qədər də güclü simasını özündə birləşdirir. Onun illərdir yaratdığı bu zərif stil demək olar hər qadına ilham verir.
Biz Birinci xanımın tərzindən çox yaza, çox misal gətirə bilərik. Gəlin, indi yadda qalan bir neçə görünüşünü xatırlayaq.
2022-ci ildə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü ilə bağlı Səmərqəndə Prezident İlham Əliyevlə bərabər səfər edən Birinci Vitse-prezident Mehriban Əliyeva tərzi ilə göz qamaşdırmışdı.
Əliyevanın məşhur modelyer Rüfət İsmayıl imzalı donunda Quba-Şirvana məxsus “Pirəbədil” xalçasının naxışları yer almışdı. Tarixi qədim olan bu xalçalardakı detallar “Burma”, “Qırman” bəzən isə “Qayçı” adlandırılır.
Bu xalçaların sol-sağ tərəflərində igidlik və ərlik rəmzi olan “Qayçı”, “buynuz” təsviri, ortada isə “hindtoyuğu”, onun kənarlarında meyvə ağaclarının yarpaqları və səkkizguşəli təsvir əks olunub.
Xanım Əliyevanın sözügedən tədbirdəki bu stili və tarixi detallı libası günlərlə danışılmış, çox bəyənilmişdi.
Türkmənbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olan “First lady” tünd bənövşəyi rəng libas seçmişdi. Paltarın bel hissəsindəki qara rəngli detal isə xüsusi diqqət çəkirdi. Birinci xanım görünüşünü eyni tonlarda olan eynəyi, çantası və ayaqqabısı ilə tamamlamışdı.
Litva səfəri zamanı Xanım Əliyeva qəhvəyi və qara rəngli kombinasiya yaratmışdı. Birinci xanımın qəhvəyi rəng pencək və şalvarını qara köynəyi tamamlayırdı. Saç düzümü və aksesuarlar isə bu görünüşü daha da şıq etmişdi.
Türkiyədə Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində Mehriban xanım həmişəki kimi göz qamaşdırırdı. Xanım Əliyeva boğaza qədər bağlı, qollarında xüsusi detallar olan qara libası ilə çox möhtəşəm görünüş yaratmışdı. Mehriban xanımın tünd boz rəngli ayaqqabısı, saç düzümü və eynəyi onun əsl dəb ikonası olduğunu sübut edirdi.
“Gülüstan” sarayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın şərəfinə ziyafət verilirdi. Həmin gecədə Mehriban xanım nadir hallarda istifadə etdiyi yaşıl rəngə müraciət etmişdi. Birinci xanım qısa qol, uzun yaşıl geyimini eyni rəngdə çanta ilə tamamlamışdı. Ağ ayaqqabısı və aksesuarları isə görünüşü daha da şıq etmişdi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə verilən dövlət ziyafətində isə xanım Əliyeva yenidən milli naxışlara üz tutmuşdu. Ağ rəng libasın üzərindəki detallar, qəhvəyi rəng çantası və bej ayaqqabısı ilə möhtəşəm görünürdü.
Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərginin açılışında Mehriban xanım qara və ağ rəngdən istifadə etmişdi. Buna baxmayaraq, Birinci xanımın kostyumunun qolundakı detallar sadə görünüşə xüsusi ab-hava qatmışdı.
Bir neçə il əvvələ boylanaq... Məsələn, Şuşada Vaqif Poeziya Günlərində geyindiyi, ağ, xarıbülbül detallı libas. Mehriban xanım Şuşanın ab-havasına, zərifliyinə uyğun geyimi ilə hər kəsi heyran qoymuşdu. Onun bej rəng ayaqqabısı və geyiminə uyğun çantası isə bir sözlə möhtəşəm idi.
Onu da qeyd edək ki, Əliyevanın stilində paltolar və trençkotlar xüsusi yer tutur. Birinci xanım şux duruşu ilə ağ, qara, bej tonlarındakı müxtəlif brendlərə məxsus paltoları mükəmməl şəkildə daşıyır. Onun Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkında geyindiyi bej rəng, ətək hissəsi saçaqlı palto hər kəsi valeh etmişdi. Xülasə, qara çəkmə və əlcəkləri, görünüşünü daha da qüsursuzlaşdıran eynəyi ilə dəb dərsi keçmişdi.
Bir də Mehriban xanımın zərif, incə stili ilə yanaşı işğaldan azad edilmiş torpaqlara səfəri zamanı geyindiyi hərbi formalar və bu tərzdəki paltarlar var. Sanki Birinci xanım bununla Azərbaycan qadınının zərif olduğu qədər, güclü olmasını, istənilən vaxt bəylərin yanında dimdik duracağını, lazım gəlsə, qəhrəmancasına savaşa biləcəyini göstərir.
Ümumilikdə “first lady”nin tərzinə nəzər yetirsək, daha çox düz libasları seçdiyini görə bilərik...
Samirə Ərəblinskaya