Aktyor və rejissor Əlixan Rəcəbov “Sonuncu şam yeməyi” filmi haqda səslənən tənqidlərə münasibət bildirib.
OLAY yazır ki, bu barədə sosial şəbəkə hesablarında açıqlama yayıb. Əlixan qeyd edib ki, heç bir müəllifə öz filmini izah etməyə məcbur olmağı arzulamır:
“Təəssüf ki, filmimiz bir qism həmvətənlərimiz xətrinə dəyib. Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər. Əvvəla film din yox, xürafat haqqındadır, həm də insan ölümünün və həyatının dəyərsizliyini göstərir. Əslində, ilkin məqsədimiz elə bu idi. İnanclı insanların da görməkdən yorulduğu, lakin hər zaman dilə gətirilməyən, xürafatın, mövhumatın, saxtakarlığın din adı ilə təqdim olunmasını, hətta bizə sırınmasını tənqid etmək istəyirdik. Hər şeydən əvvəl isə bu sənədli yox, bədii filmdir. Bədii filmdə janrlar olur. Bu film absurd komediya janrındadır. Personajların əksəriyyəti qrotesk (1910-1920 ci illərdə yazılmış İtalyan dramaturqların tez-tez absurd görünən qeyritəbii prekursorları məktəbinə aiddir) personajlardır. Normal insanın reaksiyalarını vermirlər. O ki qaldı filmdə olan bəzi məqamlara...
Birincisi, molla obrazı və ya “Quran-i Kərim”in yanlış oxunması. Hamımızın bildiyi kimi hazırda da qəbiristanlıqlarda kifayət qədər “Quran”ı filmdəki personajdan da yanlış oxuyan “mollalar” var. Düşünürəm ki, az hissəmiz onlara gedib etirazımızı bildiririk. Yaradıcı adam olaraq mən də bu cür etirazımı bildirdim.
İkincisi, ölünü üç dəfə qaldırıb qoymaq. Biz filmdə yas prosesini bütövlüklə göstərməli olduğumuza görə şəriətin buyurduğu adətləri də təsvir etməli idik. Bunu göstərməyimiz qəbul etmədiyimizə dəlalət etmir. Ümumiyyətlə, söhbət şəriətin bizə buyurduqlarının hazırda necə icra olunmasından gedir. Biz yanlış icra edənləri göstərib qınayırıq!
Üçüncüsü, mürdəşirin 150 manata ölü yuması. Filmdə göstərilən məbləği şəxsən özüm bu hal ilə rastlaşanda ödəmişəm. Hələ qəbirstanlıqda torpaq almaq və qəbir qazdırmağı demirəm. Bu ki İslam dininin buyurduğu deyil?!
Dördüncüsü, içki süfrəsi. Başa düşürəm ki, etiraz edənlərin əksəriyyəti içki məclislərində iştirak etmədiyindən məsələdən bixəbər ola bilərlər. Ancaq izləyicilərin əksəriyyəti spirtli içkilərlə “Allah xoşbəxt eləsin”, “Amin” və bu kimi cümlələrin həmin məclislərdə istifadə olunmasını və bunun doğru olmadığını bilirlər. Yəni bu da zəmanəmizdə baş verən bir haldır, uydurma deyil.
Beşincisi, meyxana. Əvvəldə bildirdiyim kimi film absurd komediya janrındadır və meyxanaya yer verilməsi də bununla bağlıdır. Yəqin ki, İslam dinində bunun olmaması hamıya aydındır. Bundan əlavə bəzi bölgələrimizdə hətta zurna balaban ilə də ölünü son mənzilə yola salanlar var. Əlbəttəki heç biri doğru deyil!
Bu cür məqamlar çoxdur. Əsas məsələ odur ki, bizim problemimiz dinlə yox, dini ayinləri səhv icra edənlərlədir. Qüsuru onlarda axtarıb tapdıq. Hər dəfə başqa-başqa sahələrdən çəkib göstərirdik, indi də bu haqda çəkdik. Ümumilikdə hər kəsin inancına hörmətlə yanaşırıq. Hər zaman komandamızda müxtəlif inanclı insanlar olub. Lakin bu gördüyümüz işə heç bir təsir göstərməyib.
Bütün yuxarıda yazılanlara baxmayaraq, istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir, bizi üzrlü hesab etmələrini xahiş edirik!
Məsələ ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli ilə də görüşümüz oldu. Yuxarıda qeyd olunan məsələləri onunla da müzakirə etdik. O da din xadimi kimi bəzi iradlarını bildirdi və bu kimi məsələlərdə daha diqqətli olmağımızı tövsiyyə etdi. Əsil niyyətimiz nə olduğunu anladığını bildirdi. Hacıya da bizi qəbul etdiyinə görə təşəkkür etdik və gələcək işlərimizdə bu cür həssas mövzularda daha diqqətli olacağımızı bildirdik”.
Hacı Şahin də bu görüşdən sonra öz fikirlərini fesybuk səhifəsində yazıb:
“Bir qrup inanclı insan hesab edir ki, filmdə xalqımızın inancları gülüş obyektinə çevrilib, digərləri satiranın bir qədər aşırı formasının seçildiyi qənaətindədir. Narazılıqlar da əsasən bundan doğub. Dünən filmin yaradıcıları ilə görüşdük, fikir mübadiləsi apardıq. Düşünürəm ki, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır. Bu baxımdan Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır. Təbii ki, hər kəs öz sahəsinə uyğun bir üslub seçir: kimi elmi, kimi nəsihəti, kimi də yaradıcılığı ilə. Bu işdə, cəmiyyətimizin bütün nümayəndələri bir-birinə dəstək verməlidirlər. Qeyd olundu ki, insanımızın mənəvi mövzularda diqqətli, həssas olması təbii və başadüşüləndir. Həmsöhbətlərim qeyd etdilər ki, tamaşaçı qədər onlar da bu məsələlərə həssas və məsuliyyətli yanaşırlar. Filmin yaradıcı heyəti də bu fikirdədir ki, mənəvi dəyərlər və inanc sürətlə dəyişən dünyada xalqımızın ayaqda qalmasının əsas şərtidir. Onlar mənəvi dəyərlərin istismarı, insan həyatının dəyərsizləşməyi kimi qlobal problemlərin özünəməxsus bədii həllini tapmağa cəhd göstəriblər. Söhbət zamanı onlar kiminsə inancına toxunmağı ağıllarından belə keçirmədiklərini xüsusi vurğuladılar. Əslində inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəflədiklərini bildirdilər.
Mən də müzakirə mövzusu olan məsələlərlə bağlı şəxsi fikir və iradlarımı bildirdim, fikirlərim hörmətlə dinlənildi. Ən mühüm olan budur ki, cəmiyyətimizdə sağlam dialoq mədəniyyəti formalaşmalıdır. İstənilən məsələnin müzakirəsi zamanı əsəbi, aqressiv münasibət yolverilməzdir. Razılaşmadığın insanı linç etmək, şəxsiyyətini hədəfə almaq heç bir məsələnin düzgün həll yolu deyil.
İnşallah, gələcəkdə daha böyük uğurlara imza atacaq, bu kimi anlaşılmazlıqları önləməyə çalışacaqlar.
Sonda çox istərdim ki, elmi, bədii yeniliklər məhz elm və sənət baxımından da müzakirə olunsun. Sağlam tənqid yalnız inkişafa səbəb ola bilər. Azərbaycan gəncliyinin böyük əksəriyyəti müharibədə olduğu kimi bütün sahələrdə fədakar, mənəviyyatlı və istedadlıdır. Allahdan bütün gənclərimizə uğur arzu edirəm”.