Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi İli” çərçivəsində hazırlanmış “İsgəndərə yeni namə” tamaşası növbəti dəfə nümayiş etdirilib.
OLAY yazır ki, dekabrın 18-i premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmidir.
Yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas – “İsgəndərə yeni namə” poemasının xəyali sequelidir. Tamaşada poemadakı hadisələr xətti alternativ istiqamətdə davam etdirilir. Bəlli olduğu kimi, invariantda İsgəndər Zülqərneynə dirilik suyunu içmək qismət olmur, Xızır dirilik suyunu içib qiyamətə qədər qeybə çəkilir. İsgəndər isə dünyadan köçür.
Poemadan fərqli olaraq, tamaşada makedoniyalı İsgəndər dirilik suyunu tapıb içir. Tamaşanın əsas hadisələr xətti İsgəndərin əbədi həyat qazanmasından sonra baş verən faciələr, xəyanətlər, sui-qəsdlər, qanlı olaylar üzərində qurulub.
Vahid dövlət ideyasının, Yer kürəsini bir qütbdən idarə etmək iddiasının aqibətini təsvir edən tamaşanın yaradıcılarına görə, insan ədəbi həyatın yükünü çəkə bilməz, çünki insan Tanrı deyil.
Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı Hörmüzü, Əməkdar artistlər Şövqi Hüseynov Xızırı, Elşən Rüstəmov Əflatunu, Kəmalə Müzəffər yaşlı Rövşənəyi, aktyorlar Ziya Ağa İskəndəri, Fəridə Şahbazova gənc Rövşənəyi, Vüsal Mustafayev Dəğyənusu, Elçin Əfəndi Antiqonu, Rüstəm Rüstəmov Ərəstunu, Sənan Kazımlı isə Vəliəhd Sokratı oynayıb.
Əvvəlcədən Əməkdar artist Ayşad Məmmədovun İskəndərin oğlu İsgəndərus obrazını canlandırması planlaşdırılsa da, sənətçinin koronavirusa yoluxması ona mane olub. Rol aktyor Əməkdar artist İlqar Cahangirə həvalə edilib.
Tamaşada işıq, səs effektləri, səhnə dekorları xüsusi diqqət çəkib. Tamaşanın işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur.
Baş rolu canlandıran Ziya Ağa məşqlər zamanı ayağını incitsə də, ağrıdan azad olmaq üçün dərmanlar içərək səhnəyə çıxıb. Həmçinin, obrazı üçün saçını sarıya boyaması diqqətdən yayınmayıb.