Azərbaycanlı tanınmış influenserlərin başına xoşagəlməz hadisə gəlib.
Blogerlər Əpruzə Əliyeva (Apruza_), Xatirə Yüzbəyova, Nəcibə Əhmədi (Nadjiba), Leyla Əhmədi, Həmayıl Ələsgərova (Hllyblog), Mehin Oktaylı (İconmekh), Nigar Fərzəli və Nərmin Vəliyevanın (Narisha) Qəbələdəki “Qədim Qəbələ” restoranından şikayətçi olub.
Buna səbəb isə onların nahar etmək üçün getdikləri məkandakı itə tüfəngdən atəş açılmasıdır.
Məsələ ilə bağlı Ə. Əliyeva OLAY-a açıqlama verib. O, hadisənin təfərrüatlarından danışıb:
“Həmişə Qəbələyə gedəndə yemək üçün bu restorana üz tuturuq. Bu günə qədər də bəyənərək getmişik. Orada bir it var idi, biz yemək verirdik. Gördük ki, çox qorxur, travmalıdır. Mən də it saxladığım üçün bilirəm. Hətta fikirləşdim ki, yəqin ev iti olub, sonra da kimsə buraxıb çölə, belə olub. Biz hesabı ödədik, dururduq. Gördük ki, əlində tüfəng bir oğlan yanımızdan keçdi, qızlar təəccübləndilər, şok oldular. Mən də tüfəngi görmürəm, elə bilirəm ki, taxta parçasıdır. İtin üstünə getdi, atəş açdı. Xatirə, mən hamımız ora doğru qaçdıq.
Mən donub qalmışdım ki, atəş açıldı. Hətta qızlara dedim ki, getməyin, bəlkə dəlidir, terroristdir, sizi də vuracaq. Xatirə oğlana acıqlandı ki, sən iti vurdun. İt də qaçdı, getdi. Deyir ki, onsuz da xəstədir, onu qorxutmaq üçün edirdim. Onun sənə nə ziyanı var? Fikirləşdik ki, tüfəng nədir, atəş açmaq nədir? Bəlkə orada uşaq olardı. Hər şey ola bilərdi. Əsəbimizdən çıxdıq, sonra bu paylaşımları etdim. Mən qətiyyən yazmamışam ki, it öldü. Lakin atəş açılmağının şahidiyik. Hətta videolar da var ki, Xatirə onlara necə əsəbiləşib. Mənə cürbəcür səhifələrdən mesajlar gəlməyə başlayıb ki, bu paylaşımı silin, yalandır, it sağdır. Mən də cavab verirəm, ona görə işarələmişəm ki, müdiriyyət görsün. Biri yazır, araşdırdıq elə şey yoxdur. Deyirəm, necə yoxdur? Biz 8 nəfər şizofreniya xəstəsiyik özümüzdən uydururuq? Mənə xəbər səhifələrindən biri yazıb ki, media işçisiyəm, ora tanışımındır. Siz onları silin, sizin xəcalətinizdən çıxacağıq. Mən də yazdım ki, zarafat edirsiz? Mənə rüşvət təklif edirsiz? O da qayıtdı ki, düz deyirsiz filan.
Bir az keçəndən sonra dedilər ki, araşdıracağıq. Biz də başqa məkanda oturub gözləyirik ki, araşdırıb cavab versinlər. Bir də gördük ki, başqa bir iti çəkib, paylaşıb yazıblar ki, blogerlər gəlib, bizdən pulsuz yemək istəyib, endirim etmədiyimiz üçün belə böhtan atırlar. Qaralama kampaniyası edirlər. Bunu da mənə rüşvət təklif edən adam öz səhifələrində yayıb. İzləyicilər də bizə göndərir. Mən də yaxşı ki, yazanda skrin etmişdim. Yazdım ki, siz mənə rüşvət təklif edən adam deyilsiz, indi belə şeylər paylaşırsız. Gördüm ki, bütün mesajları geri çəkib. Məndə isə bütün skrinlər var. Polislə ora gedirik, zəng edib şikayət etdik. Bizi də şərləyiblər. Polis bizi çağırır ki, gəlin. İt, atəş açmaqları bir yanda qalıb, bizə şər atmaqları nədir. Şokdayıq”.
Bununla yanaşı Ə. Əliyeva bildirib ki, restoranın rəsmi səhifəsindən ona mesaj yazılıb və “Zəhmət olmasa, paylaşımı silin, yalan məlumat olduğunu qeyd edin” sözləri qeyd olunub.