Olay
Olay

“Şövkət Ələkbərovanın varisləri hüququ bizə verib”

“Şövkət Ələkbərovanın varisləri hüququ bizə verib”

“Füzuli kantatası”nın icazəsiz istifadəyə görə “Netflix”in yutub kanalıdan sildirilməsi müzakirələrə səbəb olub.

Xalq artisti Brilliant Dadaşova kimi bəzi istifadəçilər buna etiraz etsə də, digər Xalq artisti Faiq Ağayev kimi bu məsələyə dəstək verənlər də tapılıb. Sosial şəbəkələrdə ən çox verilən sual isə mahını sildirən yerli şirkətin bu haqlara sahib olub-olmaması ilə bağlı idi.

“Mikpro” Rəqəmsal yayım şirkətindən OLAY-a verilən açıqlamada sözügedən suallara aydınlıq gətirilib:

“Nəzərə almaq lazımdır ki, Əqli Mülkiyyət Hüquqları və Əlaqədar hüquqlar elə mülkiyyət hüququ ilə eyni səviyyəli hüquqlardır. Misalla desək, biz kiminsə maşınını küçədə dayanan görəndə götürüb icazə almadan sürə bilmərik, ya da kiminsə evində girib icazəsiz yaşaya bilmərik. Eləcə də kimsə bunu etsə və onun qarşısı hüquqi müstəvidə alınsa, demərik ki, “gül kimi sürüb maşını reklam edirdi də, niyə mane oldunuz?”. Ya da başqa bir misal, hansısa tanınmış bir şəxs gəlib sizdən icazəsiz evinizə girsə və desə ki, “bu ev filankəsindir”, yəqin ki, bu halda heç biriniz “o boyda tanınmış adam gəlib bizim evimizdə qalır, qoy qalsın” deməyəcəksiniz...

Hüquq müstəvisində bu sadaladıqlarımız birəbir eyni məzmundadır. Bu işin bir adı var; qanunsuz istifadə və ya oğurluq. Şövkət Ələkbərovanın hüquqi varisləri var və onlar Şövkət xanımın mədəni irsinin istifadəsi zamanı hüquqların pozulmaması üçün şirkətimizlə çalışırlar. Biz bu videoları sildirmədən öncə qanun pozuntusuna yol vermələri barəsində “Netflix” və onları musiqi ilə təmin edən “FixMusic” şirkəti ilə dialoqa keçməyə çalışsaq da, onlar heç bir qanun pozmadıqlarını bildirmişdilər. Biz isə onlar dialoqa getmədiyi üçün “Google” şirkətinə əlimizdə olan sənədləri təqdim etdik və “Google” bu videoları silmək qərarını verdi. Şirkətimiz Azərbaycan musiqisinin hüquqlarını beynəlxalq səviyyədə ən həssaslıqla qoruyan şirkətlərdən biridir. Xüsusilə də ermənilərə qarşı. Bu kontekstdə etdiklərimizlə bağlı da xırda araşdırmalar aparsalar, bir çox nümunə ilə rastlaşa bilərlər. Əvvəldə vurğuladığımız kimi, əgər biz haqsız olsaydıq, “Google” şirkəti videoları “Netflix”in yutub kanalından silməzdi”.

Qeyd edək ki, musiqi baş rolunu Çağatay Ulusoyun oynadığı “Terzi” serialında istifadə olunub. “Füzuli kantatası” serialda əsas qəhrəmanın mütəmadi qulaq asdığı və rahatlıq tapdığı musiqidir.