Olay
Olay

“Azərbaycanı Avroviziyada təmsil edərəm” - Edis Bakıda

“Azərbaycanı Avroviziyada təmsil edərəm” - Edis Bakıda

Türkiyənin məşhur pop ulduzu Edis Bakıya gəlib.

OLAY yazır ki, müğənni Heydər Əliyev adına Hava Limanında KİV qarşısına çıxıb. 

Mətbuat üzvlərinin suallarını cavablandıran sənətçi konsertində olacaq sürprizlərdən danışıb:

“Azərbaycandan olan pərəstişkarlarımı çox sevirəm. Onlarla olan hər konserti gözəl keçir Daha əvvəlki iki konsertimdə bunun şahidi oldum. Bu səbəbdən də daha böyük məkanda konsert etmək istədik. Nəticədə Kristal Hall çox gözəl konsert salonudur. 

Orada konsert çox zövq verəcək. Konsert turuna başlayıram. 6 aydır səhnədə yoxam. Uzun müddət sonrakı ilk konsertimdir. Bütün sürprizləri ilk dəfə azərbaycanlılar görəcək. Bir yeni mahnımı da burada oxuyacağam”.

Bundan əlavə, o, Azərbaycana gələn türk reper Sefodan da danışıb:

“Sefo da Bakıya gəlir. Onunla danışmışam, konsertdən sonra görüşəcəyik. İkimizin də konserti eyni gündə üst-üstə gəlib. Bakını ikimiz gəzəcəyik”.

Bundan əlavə, o, Azərbaycandan Avroviziya barədə təklif alarsa, ölkəmizi təmsil edəcəyini vurğulayıb:

“Qürur duyaram. Təbii ki, təklif gəlsə, qatılaram. Özümü azərbaycanlı kimi hiss edirəm. Onsuz da yad sayılmırıq. Niyə də yox?! Azərbaycanı təmsil edərəm. Çox güman “TRT” kanalının özünə görə səbəbləri var. Amma mən daha çox siyasi mövzu olduğunu düşünürəm. Ümid edirəm ki, bir gün Türkiyə də yarışmaya qatılar”.

Edis duet ortağınız Gülşenə həbs cəzasının verilməsinə də münasibət bildirib: 

“Onunla bağlı prosesi izləyirəm. Verilən qərarın əleyhinə oldum. Yanlış qərar olub. Gülşenin adına çox danışmaq istəmirəm. Təəssüf...”.

Edis komandasındakı azərbaycanlı rəqqaslardan da danışıb:

“Azərbaycanlı rəqqaslar çox istedadlıdır. 20 nəfərdirlər. Hamısının rəqs videolarını izləmişəm. Danışıb, ünsiyyətdə də olduq. Təxminən, 6 mahnımda rəqs edəcəklər”.

“Azərbaycanlı müğənnilərdən kimlərlə duet etmək fikriniz var?”,- sualına isə Edis belə şərh verib:

“Bu, görüşüb danışılası mövzudur. Məsələn, Nigar Camalla duet oxuyaram. Türkiyənin inanılmaz istedadlı sənətçiləri var. Çox fərqli layihələr ola bilər”.

Qeyd edək ki, müğənni Baku Kristal Hallda 9 min nəfərin qarşısına çıxacaq. O, 30 rəqqasla birgə şou göstərəcək. Gecədə ön səhnədə KÖFN qrupu çıxış edəcək.

Hazırladı :Nigar Namiq

Video: Soltan İbrahimov

Fotolar: İsmail Rzayev