Kinoteatrlarımız arasındakı rəqabət son illər o həddə çatmışdı ki, hər bir şəbəkə onlara təqdim edilən filmləri çəkən şirkətlərə xüsusi şərtlər qoyurdu.
OLAY yazır ki, onlar bir kinozalda yayımlanan filmin başqa bir şəbəkəyə məxsus kinoteatrda yerləşdirilməsinə qadağa qoymuşdu. İllərdir bu qərarı aradan qaldırmağa çalışanlar olsa da, onların cəhdi uğursuzluqla nəticələnir, bu qərar isə filmi ərsəyə gətirən şirkətlərin zərərinə səbəb olurdu.
Nəhayət illər sonra bu şərtlər aradan qaldırılıb. Bu barədə film prodüseri Orxan Mərdan məlumat yayıb. O, iki kinoteatrda afişası yayımlanan "Zəhər tuluğu" filminin fotolarını paylaşaraq bu sözləri yazıb:
“Bu iki şəkilin bir arada olması üçün 5 il dayanmadan mübarizə aparmışam, maddi zərərlərim də olub, mübahisələrə girmişəm dostlar və rəqiblər qazanmışam. Nəticədə inadımdan və arzumdan bir addım da geri çəkilmədən bu şəkilin əmələ gəlməsinə nail oldum. Kinoteatrlar arasındakı konfliktlərə səbəb olanlar, cığallar və acgözlər artıq yoxdur. Onlar məğlub edilib. Qələbə Azərbaycan kinosunun Azərbaycan tamaşaçısı ilə qovuşmasına can yandıranlarındır.
“Zəhər tuluğu” filmi ölkənin bütün kinoteatrlarında yayımlanacaq. Bu münasibətlə bütün kino işçilərini təbrik edirəm. Bundan sonra siz kinonuzu rahat çəkin”.
Prodüserin sözügedən paylaşımına bu sahədə çalışan insanlar laqeyd yanaşmayıb. Onların çoxu bu addımı Azərbaycan kinosu üçün uğur hesab edib.