Olay
Olay

“Artıq “Didem”i oxuyan balaca qız yoxdur”

“Artıq “Didem”i oxuyan balaca qız yoxdur”

Uzun illər sonra Bakıda konsert verməyə hazırlaşan müğənni Günel Zeynalova mətbuat konfransı keçirib.

OLAY yazır ki, jurnalistlərin suallarını cavablandıran sənətçi mediadan küsdüyünü dilə gətirib:

“Uzun zamandır sizinlə görüşmürdüm. Azərbaycandan gedəndə sizdən küsmüşdüm. Uzun illər Azərbaycanda Yeni ildə olmadım. Qərarlaşdırdıq və dedik ki, konsert edək. Yusuf Güney də gələcək, mənim Türkiyədəki orkestrim, buradakı musiqi ansamblım olacaq.

O qədər özənlə çalışırıq ki, istər musiqi baxımından, istər şou baxımından. Çox gözəl bir salondur. İlk dəfə orada konsert olacaq. Masalardan, yolkayadək hər şeyi özümüz seçmişik. İnşallah elə olacaq. Tunarın, mənim, Yusufun öz repertuarı var. Azərbaycana gətirmək istədiyimiz sənətçilər çox məşğul idi, onlar iki ay öncədən rezerv olunurlar. 30 dekabrda burada olacaqlar. Türkiyədə çox konsertlər vermişəm, 3 saatlıq proqramlar olurdu. Onu istəyirəm buraya da daşıyaq. Yaş irəlilədikcə insan daha çox doğmaları ilə bir yerdə olmaq istəyir. Azərbaycanda olma səbəbim isə tələbatın və mənə olan sevginin artmağıdır. Bu da nədən qaynaqlar bilmirəm. Məncə onların da qəlbində mənə qarşı elektriklənmə olub”.

Günel “İbo show”dakı çıxışından da söz açıb:

“Ən son məni “İbo show”da görmüsünüz, orada da xəstə idim, çox proqramlara dəvət edirlər, ancaq seçici davranırdım. “İbo show”a yox deyə bilməzdim. Ora çıxandan, canlı ifalardan sonra insanların beynindəki fikir dəyişdi ki, Günel artıq o Günel deyil, “Didem”i oxuyan balaca qız yoxdur artıq. Ən sonda da Tunarın mahnılarından birini oğurladım, Dedim, bağışla, bunu oxuyacağam. Qardaşım olsa da, böyük sənətkardır, bundan sonra hər ay ona müraciət edəcəyəm ki, “Bulud olsam” kimi mahnılar alım”.

Müğənni aylardır Bakıda olduğunu bildirib:

“Üç aydır Bakıdayam, xalqa qarışıram, onlarla danışıram. Bəzi sənətçiləri çöldə görmürük, amma mən düşünürəm ki, sənətçilər insanlarla iç-içə olmalıdır, fikirlərini öyrənməlidir. İnsan insanı görən kimi sevmir axı, zamanla bağlanır, sevir. Bu dəfə gördüm ki, doğmalıq daha çoxdur”.

Zeynalova “İnsanların içində özünüzü ulduz kimi aparırsınız” sualına isə belə cavab verib:

“Heç zaman heç kimin qarşısında ulduzluğumu göstərməmişəm. Hər şeydən öncə sənətimə inandığım üçün ulduzluğum olmayıb. Ulduzluğu göstərən bəzi ünsürlər var ki, kimisə gözlətmək və yaxud başqa şeylər. Buna gərək yoxdur. İnsan sadə olmalıdır, ulduzluğunu səhnədə olanda etməlidir. Bir insanda eqo özündə çatışmayan bir şeydən dolayı olur. Özümdə olan bir şeylə bağlı niyə eqo yaradım? Ulduz xəstəliyi oradan gəlir. Eqonu tənzimləyəndə yaxşı işlərə imza ata bilərsən. Səhnədə olanda oxuduğun vaxtda eqo et ki, mən çox gözəl oxumalıyam!”.

Günel İbrahim Tatlıseslə küsülülük iddialarına da cavab verib:

“İbrahim bəy məndən küsəndə Tunarla danışır. Bu, küsülülük də deyil, sadəcə atadır, nədənsə küsür, inciyir. Küssək də, bərabərik. Danışmırdıq, ancaq “İbo show”a çağıranda sevə-sevə getdik. Çünki İbrahim Tatlısesin yaradıcılığımda böyük rolu var. Məndə bir şey olmasa, davam etdirə bilməzdim, amma onun sayəsində Türkiyədə tanınmışam. Çox böyük problemimiz yoxdur, aramız yaxşıdır. O da yeni albomuyla bağlı planlar qurub”.

“İbrahim bəy mənə çox kiçik yaşlarımda məsləhət vermişdi. Ondan sonra isə etməyib. Çünki heç zaman dəyişməmişəm. Eyni şəkildə, işlərimi və həyatımı davam etdirirəm. O, mənə söylədi ki, şöhrət səni heç zaman pisə dəyişdirməsin, çünki şöhrət toz kimidir. Səni parıldadır, toz getdiyi zaman isə sən bir anlıq sönə bilərsən. Hər zaman böyüklərinə qarşı hörmətli ol. Bundan başqa isə o mənə heç nə deməyib və ya məsləhət verməyib”, - deyə, Günel jurnalistlərə bildirib.

Üzeyir Mehdizadənin ifalarının Türkiyədə populyar olması ilə bağlı suala isə “Azəri qızı” belə cavab verib:

“Üzeyir də dostumuzdur. Hər kəsin öz yolu, oxuduğu janr var. Mən bayağı musiqilərlə razılaşmıram. İndi zövqümüz dəyişib, inşallah köhnə zamanlara dönərik. Mənə bir dəfə təklif etdilər ki, belə bir mahnı oxuyasan. Dedim, bəs, o zaman 25 ilimi neyləyim? Yutubda belə saylarla bağlı hiyləgərik var”.

Sənətçi son olaraq Türkiyədəki layihələri ilə bağlı söz açıb:

“Türkiyədə işlərim yerimdədir, orada elə bir layihəyə imza atmışam ki, buradakı işlərimi bitirib oraya gedəcəyəm”.