Azərbaycan Televiziyasının builki əsas Yeni il çəkilişi konsepti ilə diqqət çəkib.
OLAY yazır ki, “Nəsillərin həmrəyliyi” adlanan proqramda bəzi sənətçilər illər sonra və ilk dəfə yer alıb.
Belə ki, uzun illər sonra Xalq artisti Flora Kərimova televiziyanın əsas Yeni il çəkilişində iştirak edib.
Samir Bağırov, Namiq Qaraçuxurlu kimi fərqli janrların sənətçiləri də xeyli müddət sonra efir konsertində səhnəyə çıxıb.
Pandemiyadan öncə dövlət televiziyasında konsert verən Xalq artisti Zeynəb Xanlarova ənənəvi musiqi ziyafətini illər sonra davam etdirib.
Fərqli tərzdə ifaları ilə seçilər reper ProMete və “Avroviziya” təmsilçimiz Elnur Hüseynov üçün də AzTV-nin Yeni il proqramında çıxış bir ilk olub.
“Nəsillərin həmrəyliyi” gecəsində gənc müğənnilər Hiss, Ayaz Babayev də ilk dəfə səhnə alıb.
Xalq artisti Miri Yusif və müğənni Nura Suri də “Nəsillərin həmrəyliyi”ndə Azərbaycan Televiziyasının bayram buraxılışının qonağı olub.
Gecənin aparıcılığını isə Əməkdar artist Rafiq Həşimov və aktrisa Duyğu Dəvəli edib.
Qeyd edək ki, gecədə həmçinin Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə, Manana Caparidze, Gülüstan Əliyeva, Rəşad İlyasov, müğənnilər Eldar Qasımov, Nigar Camal, Elnur Məmmədov, Səmra Rəhimli, Nərmin Kərimbəyova, Murad Arif və Zamiq Hüseynov da yer alıb.