Pop musiqisinin kralı kimi tanınan Maykl Cekson 25 iyun 2009-cu ildə Los-Anceles şəhərindəki evində 50 yaşında vəfat edib.
OLAY yazır ki, sənətçinin ölüm səbəbi onun şəxsi həkimi tərəfindən tətbiq edilən güclü təsirə malik dərmanların həddindən artıq dozası nəticəsində baş verən ürək dayanması olub.
Maykl Cekson 29 avqust 1958-ci ildə ABŞ-nin İndiana ştatında çoxuşaqlı fəhlə ailəsində anadan olub.
Onun karyerası cəmi beş yaşında başlayıb. Atası qardaşları ailə qrupu olan “The Jackson 5” tərkibində çıxış etməyə məcbur edib. Qrup qısa zamanda məşhurlaşıb və Maykl onun əsas vokalçısı, eləcə də ən parlaq ulduzu olub.
1971-ci ildə o, solo karyerasına başlayıb. Bu karyera xüsusilə 1980-ci illərdə yayımlanan “Off the Wall”, “Thriller” və “Bad” albomlarından sonra zirvəyə çatıb.
Musiqiçi dünya miqyasında bir ikonaya çevrilib, “MTV”də musiqi klipləri sənayesində inqilab yaradıb və tarixə “Pop musiqisinin kralı” kimi düşüb.