“Hansısa bir Xalq və ya Əməkdar artist biraz açıq-saçıq geyinən kimi yazırlar ki, bu da soyundu. Gedirik el şənliklərinə, tədbirlərə, yubiley məclislərə, ad günlərinə, toylara hamının elə açıq-saçıq geyinən müğənniləri çağırıb, oxudursunuz. Düşürsünüz onlarla qabaq-qabağa rəqs edirsiniz”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bildirib ki, tamaşaçı tənqid etdiyi açıq-saçıq geyinən müğənniləri məclislərinə dəvət edir və onlara pul xərcləyir:
“Bizim biraz sinəmiz və ya qolumuz açıq və ya yırtmaclı libas geyinən kimi başlayırsınız deməyə ki, bu da açıldı-töküldü. Siz tamaşaçı axı açıq-saçıq geyinən müğənnilərə dəyər, qiymət verirsiniz. Onlara pul verirsiniz. Əziz tamaşaçılar bunları etməyin. Siz bizi aldatmaq istəyirsiniz. Amma fakt faktlığında qalır. Siz elələrini toylarınızda, ad günü məclislərinizdə görmək istəyirsiniz”.
G.Əliyeva məclislərdə qonaqların muğamı dinləmək istəmədiklərini söyləyib:
“Məclisdə istəyirsən ki, biraz muğam oxuyasan deyir ki, keçin də mahnıya. Bəs sənin milli dəyərləyin, sən axı azərbaycanlısan, sənin daxilində olan o şəxsiyyət necə yol verir bunu deməyə. Siz onsuzda qulaq asırsınız o bayağı mahnılara. Şəhərdə gedirsən və görürsən ki, avtomobildə yüksək səslə o mahnıları dinləyirsiniz. Bayağı mahnılardan avtomobilin buferləri tərpənir. İnsan baxır, görür, utanır. Pəncərəni bağlayırsan ki, bunu eşitməyəsən. Siz bu musiqiləri dinləyirsiniz”.