Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb.
OLAY yazır ki, bunu aparıcı mütəxəssis Nazlıxanım Teyyubova “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbirində “Mahnılarımızın dil mənzərəsi” adlı məruzəsində deyib. Onun sözlərinə görə, ifa zamanı müxtəlif səslərin öz məxrəclərindən kənar səsləndirilməsi, şəkilçilərin, mürəkkəb sözlərin yanlış tələffüz edilməsi və vurğunun yerində işlədilməməsi adi hala çevrilib.
“Mahnı mətnlərində sözlər əksər hallarda kontekstə uyğun seçilmir, hətta dilin frazeoloji qatını təşkil edən sabit söz birləşmələrinin tərkibi dəyişdirilməklə məna təhrif edilir. Şəkilçilərin yanlış ixtisar edilməsi, qrammatik göstəricilərin yersiz şəkildə bir-birini əvəzləməsi, söz sırasının pozulması nəticəsində yaranan anlaşılmaz misralar mahnıların monitorinqi zamanı diqqətçəkən məqamlar kimi vurğulanıb. Mətnlərdə misraların qafiyələnməsinin ön plana keçməsi səbəbindən sözlərin semantik çalarlarından və dilimizin üslub imkanlarından yetərincə istifadə edilmir. Təəssüf ki, mənəvi dəyərlərimizə zidd kobud söz və ifadələrə rast gəlinir”, - deyə, Nazlıxanım Teyyubova bildirib.