“Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək namizədin kimliyindən asılı olmayaraq onun ifa edəcəyi mahnı yerli istehsal olacaq.
OLAY “12 xal”a istinadən yazır ki, təmsilçi olmağa namizəd görülənlərdən 5-nin də mahnısı azərbaycanlı bəstəkarlar tərəfindən ərsəyə gətirilib. Yalnız 1 namizədin mahnı müəllifləri arasında xarici həmmüəllifin yer alması faktını da diqqətinizə çatdırmaq istərdik.
Bu xəbər isə özlüyündə ona gətirib çıxarır ki, 2008-ci ildən müsabiqəyə qatılan və yalnız 1 dəfə, məhz ilk iştirak etdiyi ildə yerli istehsal (Zəhra Bədəlbəyli və Gövhər Həsənzadə) mahnı ilə çıxış edən Azərbaycanın bu sayca 2-ci nömrəsi olacaq.
Bildirmək istərdik ki, sırf yerli müəlliflər tərəfindən yazılmış mahnı “Day After Day” olsa da, 2017-ci ildə ölkəmizi təmsil edən Dihajın “Skeletons” mahnısının musiqisi İsa Məlikova məxsus idi.
Nəticə etibarı ilə “Avroviziya-2023” Azərbaycan komandasının rəhbəri Vasif Məmmədovun media qarşısında ilk çıxışında söyləmiş olduğu fikirlər öz nəticəsini verməyə başlayır.
“Bu ilə olan məqsədimiz və istəyimiz yerli bəstəkarın musiqisinin müsabiqədə səslənməsidir. Seçim prosesi əsasında eyni kriteriyalara uyğun yerli və xarici mahnı olsa, biz yerli mahnıya üstünlük verəcəyik. Yəni biz çox istəyirik ki, müsabiqədə Azərbaycan bəstəkarının musiqisi səslənsin. Nümayiş etdirək ki, bizim də istedadlı bəstəkarlarımız var. Ümid edirəm ki, bu gələcək illər üçün də bir stimul ola biləcək”, - deyə, V. Məmmədov bildirmişdi.