“Mən kənara çəkilməmişdim. Sadəcə oturub gördüm ki, kənara çəkildikcə meydanı “çəpiş-çüpüşlər” doldururlar. Elə də oldu. Bəli, onların adı elə “çəpiş-çüpüşdür”. Onlar elə o tərzdə də ifalar edirlər”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “YouTube”da yayımlanan “Bizim qonaq” layihəsində deyib.
Sənətçi bildirib ki, bayağı mahnı yoxdur, bayağı ifaçı var:
“Bəzi həmkarlarım deyirlər ki, toy mahnısı başqadır, efir mahnısı başqa. Amma mən bu fikirlə razılaşmıram. Pis ifaçı var, pis mahnı yoxdur. Bayağı ifaçı var, bayağı mahnı yoxdur. Həmin o bayağı adlandırdığınız mahnını mənim kimi digər həmkarlarım çox gözəl şəkildə oxuya bilərik. Dinləyəndə də əmin olarsınız ki,bu mahnı pis, bayağı deyil”.
Məhərrəmli onun köməyi ilə sənətə gəlib sonradan bunu qiymətləndirməyən ifaçıları nankor adlandırıb:
“Mən bir çox müğənnilərin əlindən tutub bu sənətə gətirmişəm. Təbii ki, o qisməti, ruzunu Allah verir. Amma mən onlara vəsilə olmuşam. Çox müğənnilərə çörək vermişəm. Halal xoşları olsun. Bəziləri bunun qədrini bilmirlər. Onlar nankordurlar”.