Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalına start verilib.
OLAY yazzır ki, Azərbaycan da bu nüfuzlu kino festivalda təmsil olunan ölkələr sırasındadır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, Festivalın işinə uğurlar arzulayıb.
Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, filmlərə dair öz fikirlərini bölüşüblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri, tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları” filmi də nümayiş olunub. İkinci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat öz əksini tapıb.
Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq 17 sentyabr tarixində filmlərimiz Buxara şəhərində nümayiş olunacaqdır.