Ötən gün “Ata ocağı” serialının sonuncu çəkilişləri reallaşıb.
OLAY yazır ki, bu barədə serial əlvida postu paylaşan Xalq artisti Həmidə Ömərova məlumat verib. Sənətçi ekran işinə vidasını bu sözlərlə dilə gətirib:
“Dünən “Ata Ocağı”na əlvida dedik… Altı il bir ailə olduğumuz, hər gün əziyyətinə qatlaşdığımız ailə serialının son çəkilişi də bitdi. Çox darıxacağıq sənin üçün “Ata Ocağı”. Hələ ölkə tarixində bu qədər böyük yükü (6 il, həftə içi 5 gün), bu qədər gərgin iş qrafiki (hər gün səhər saat 9-10-dan gecəyədək), bu qədər sayda aktyor heyəti (təxminən 200, bəlkə daha çox), bu qədər tamaşaçı pərəstişkarı (tamaşaçılar ailələri, uşaqları ilə əsas çəkiliş obyektimizə - Zabrata gəlib bizimlə şəkil çəkdirib doğma adamları kimi görüşürdülər) və s. olmamışdı. Hara gedirdiksə, eyni sözləri eşidirdik… Valideynlərimiz bu serialla yaşayır, həsrətlə hər bir seriyanı gözləyirlər. İnanıram ki, “Ata ocağı” üçün bizim qədər darıxanlar da - onlar olacaq. Valideynlər – ata-analar, yaşlı adamlar, bir də serialda çəkilən balacaları izləyən məktəblilər… Bu seriala baxmaq üçün hətta toydan qaçıb evə gedənlər də çox idi (şəxsən şahidi olmuşam). Ara-sıra “Ata Ocağı”mız haqqında xatirələrimi paylaşacağam (onu səhifəmdə ən az işıqlandıran mən olmuşam). Ürəyim ağrıyır, “Ata ocağı”. Səni unutmayacağıq. Rüfət, Amiran, Emin və ailəmizin bütün üzvləri. Bundan sonrakı yaradıcılıq işləriniz avand olsun”.
Qeyd edək ki, serial 2017-ci ildən etibarən Xəzər TV-də yayımlanırdı.