Digital
Digital

Selfinin gətirdiyi ölümlər

Selfinin gətirdiyi ölümlər

Sosial şəbəkələr üçün mükəmməl selfi çəkmək cəhdi ölümcül nəticələr doğura bilir.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki,  ABŞ Milli Tibb Kitabxanasının əvvəlki araşdırmasına görə, 2014-cü ilin martı ilə 2021-ci ilin aprel ayı arasında 332 nəfər ya selfi çəkərkən, ya da başqa birinin selfisində yer alarkən həyatını itirib.

Selfi ilə bağlı ölümlərin böyük əksəriyyətini gənclər (89,2 faiz) və kişilər (66,6 faiz) təşkil edir.

“The Barber Law Fir” tərəfindən aparılan və 2014-cü ilin martından 2025-ci ilin mayına qədər olan dövrü əhatə edən yeni araşdırmaya görə isə, selfi çəkmək üçün dünyanın ən təhlükəli ölkəsi Hindistandır. Həmin hadisələrin 40 faizdən çoxu bu Cənubi Asiya ölkəsində baş verir. Belə ki, ölkə üzrə 271 nəfərin (214 ölüm, 57 yaralanma) selfi qurbanı olduğu bildirilib.

Siyahının ikinci pilləsində 37 ölüm, 8 yaralanma ilə ABŞ, üçüncü yerdə isə 18 ölüm faktı ilə Rusiya yer alıb.

Daha sonra Pakistan (16 ölüm), Avstraliya (15 ölüm) və İndoneziya (14 ölüm) gəlir. Son dörd yerdə isə hər birində 13 ölüm faktı ilə Keniya, Birləşmiş Krallıq, İspaniya və Braziliya qərarlaşıb.

Araşdırmaya görə, selfi çəkərkən baş verən ölümlərin əsas səbəbi dam, uçurum və ya hündür tikililərdən yıxılmaqdır.

Alimlər gözlənilməz ölümlərin qarşısını almaq üçün dünyada turistik və təhlükəli məkanlarda selfinin qadağan olunduğu ərazilərin yaradılmasını təklif edirlər.

Hindistanın məşhur turistik yerlərinin bir çoxunda ölüm hadisələrindən sonra artıq selfi qadağası qüvvədədir.