Sosial şəbəkədə 24 yaşlı Yuliya Vavilovanın "Telegram"ın təsisçisi Pavel Durovla birlikdə Parisdə saxlanıldığı barədə məlumat yayılıb.
OLAY yazır ki, bir sıra teleqram kanallarının yaydığı məlumatına görə, Yuliya Dubayda yaşayır və tez-tez Pavel Durovun olduğu yerlərdə peyda olur.
Onlar bu yaxınlarda “Dubai Seven” fitness klubunda bir yerdə görüntüləniblər və avqustun 16-da o, sosial şəbəkələrdə Qazaxıstandan Azərbaycana uçduğunu bildirib.
Onun sosial şəbəkədə yerləşdirdiyi fotoda Embraer Legacy 600 təyyarəsi əks olunub.
Durov saxlanıldığı Parisə avqustun 24-də Bakıdan şəxsi Embraer Legacy 600 təyyarəsi ilə köməkçisinin və cangüdəninin müşayiəti ilə uçub.
Avqustun 25-nə keçən gecə Yuliya sosial şəbəkə hesabından ilim-ilim itib və paylaşımlarını dayandırıb.
Eyni zamanda, Rusiya səfirliyindən "SHOT" teleqram kanalına bildiriblər ki, Durovla göyərtədə kimin olması barədə onlarda məlumat yoxdur.
Yuliya özü özünü oyunçu, yayımçı və kripto investoru adlandırır. O, "Twitch" servisində ərəb dilində kriptovalyutalar haqqında kanal aparır.
Qeyd edək ki, Pavel Durovun saxlanılması xəbəri bütün dünyada qızğın müzakirə olunur. Durov hazırda həbsdədir və tezliklə məhkəmə qarşısına çıxacaq, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində, çirkli pulların yuyulmasında, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda, həmçinin terrorizmə yardımda ittiham oluna bilər. İlkin məlumata görə, həbs qərarı Telegram-da moderasiyanın olmaması və Durovun hakimiyyətlə əməkdaşlıq etmək istəməməsi səbəbindən verilib.
Rəşad Əliyev