Media
Media

Rəşad Məciddən vikipedia qalmaqalına reaksiya

Rəşad Məciddən vikipedia qalmaqalına reaksiya

”Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın Vikipediya platformasında şəhidlər haqqında yazıların silinməsiylə bağlı həyəcanını bölüşdüyümüzü və qarşı tərəfdən tutarlı əsaslandırmalar gözlədiyimizi bildirmişdim. Qarşı tərəfdən müəyyən qaneedici açıqlamalar gəlsə də, bu həssas mövzu ətrafında müzakirələr səngimədi, əksinə, qarşılıqlı təhqirlərlə davam etdirildi. Prosesin belə məcra alması olduqca məyusedicidir“. 

OLAY yazır ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

R. Məcid texnobloqer Fərid Pərdəşünas və vikipediyaçılar arasında yaşanan şəhid məqalələri qalmaqalına münasibət bildirib. 

O, bu mövzuda hər iki tərəfə çağırış edib və tərəfləri təmkinli olmağa səsləyib:

“Fikrimcə, Fərid Pərdəşünas problemlə bağlı narahatlığını bölüşəndən, ictimaiyyətin diqqətinə çatdırandan, bəzi vikipediyaçılaın təəssüf dolu üzrxahlıqlarından sonra müzakirələri səngitməli idi. Qarşı tərəf təmsilçilərinin səsləndirdikləri müəyyən arqumentlər başadüşülən olsa da, Vikipediya inzibatçısı kimi təqdim olunan bəzi şəxslərin fikirləri təəssüf doğurdu. Onların cavablarındakı təkəbbürlü ton, etik çərçivələri aşan, ittiham, nifrət püskürən leksikon, bir budaqda oturub min budağı silkələmək cəhdi, yumşaq desək, cığallıq və problemdən yayınmaq idi. Gənc vikipediyaçıların şəkillərini paylaşıb onların ictimai qəzəbə tuş gəlməsinə rəvac vermək isə birmənalı şəkildə qəbuledilməz addımdır. Unutmayaq ki, neçə illərdən bəri azərbaycandilli Vikipediyanın formalaşmasında və zənginləşməsində, o cümlədən şəhidlərimizlə bağlı məlumatların bu platformada yayılmasında təmənnasız xidmətləri olan şəxsləri bu dalğada ictimai hiddətə hədəf göstərmək təhlükəli fəsadlara yol aça bilər. Bütün bu deyilənləri və yaranmış situasiyanı nəzərə alaraq mən həm Fərid Pərdəşünası, həm də vikipediyaçıları qarşılıqlı ittiham və təhqirləri dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə problemdən çıxış yolu axtarmağa çağırıram”.