Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun həyat yoldaşı Rasim Həsənovun cinayət işinin bəzi detalları məlum olub.
OLAY “Report”a istinadən yazır ki, istintaq materiallarında qeyd olunub ki, onlar qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər.
Aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyadı şərtidir) fotoşəkillərini əldə edib. Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb edib.
Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Bundan başqa, T.Səmədova ilə R.Həsənov təkrarən Altay Səfirovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.
Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.