Mədəniyyət Nazirliyi tərəfindən “İlin ən fəal gənci” adına layiq görülən, TÜRKSOY-un xüsusi mükafatçısı və “Mənimlə rəqs et” layihəsinin rəhbəri olan Lalə Aslanur milli mədəniyyətin təbliği istiqamətində daha bir diqqətçəkən layihəyə imza atıb.
OLAY yazır ki, sənətçi bu dəfə “Laçın” xalq mahnısına çəkilən rəqs klipi ilə diqqət çəkib.
Layihədə Azərbaycan və türk simli alətlərinin harmoniyası xüsusi yer alıb. Tanınmış yapon musiqiçi Kyoshi Ohira-nın da rol aldığı ekran işinin quruluşu və ideyası Lalə Aslanurun özünə məxsusdur. Klipdə milli musiqi alətimiz olan tarın istifadəsi ekran işinə xüsusi milli çalar qatıb.
Çəkilişlər İçərişəhər ərazisində yerləşən XV əsrə aid tarixi memarlıq abidəsi Buxara karvansarasında 10 saat ərzində həyata keçirilib. Tarixi atmosfer və milli motivlərin vəhdəti layihəyə fərqli estetik görünüş qazandırıb.
Lalə Aslanur mətbuata açıqlamasında layihənin onun yaradıcılığında yeni mərhələ olacağını bildirib:
“İnanıram ki, yeni nəfəsdə olan bu rəqsim musiqi və rəqssevərlər tərəfindən maraqla qarşılanacaq. Rəqsə yeni ruh verdim. Tar insan səsinə ən yaxın milli alətlərdən biridir. Kyoshi Ohira ilə bu layihənin ortaq iş kimi ərsəyə gəlməsi mənim üçün xüsusi əhəmiyyət daşıyır.”