Aktyor Ziya Ağa “Tanrının otağı” filminə Kino Agentliyinin Ekspert Şurasının qərarı ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, Ziya feysbukda yayımladığı məlumatda bildirib:

“Biz, Kino Agentliyinin Ekspert Şurasının qərarının səbəblərini və əsaslandırıcı hissəsini istədiyimiz sorğuya cavab olaraq göndərdiyi rəsmi məktubla tanış olduq. Məktubda “Apellyasiya komissiyası ekspert şurasının qiymətləndirməsini məqbul saymış” – deyə bildirilmişdir. Bizim müəllimlər bizə öyrədiblər ki, kino sadə suallara verilən sadə cavablardan ibarətdir, amma nədənsə bu dəfə bizə sadə cavab verən yoxdur. Lakin müsabiqənin yekunu artıq sizin tərəfinizdən ictimaiyyətə elan edilmişdi. Bizim sorğumuz faktın təsdiqi deyil, onun əsaslandırılması ilə bağlı idi. Yaxşı, daha sadə dildə yazaq ki, bir-birimizi anlaya bilək: Biz seçilməmişik? – bunu soruşmuruq. “Biz niyə seçilməmişik?” – bunu soruşuruq. Biz istəyirdik ki, münsiflər layihəmizdə hansı məqamı zəif gördülər, hansı detal sual yaratdı, hansı bənddə büdrədik onu bilək. Əgər bu sənətin pərdəarxası varsa, o pərdənin arxasında nə baş verdiyini anlamaq bizim hüququmuzdur.

Hiçkok demişdi ki, “Kino, həyatdan darıxdırıcı olanı kəsib atmaqdır”. Biz də eyni qaydada cansıxıcı qeyri-müəyyənlikləri kəsib atmaq istəyirik. Əgər kino sənətdirsə, demək, dialoq onun inkişafı üçün vacibdir. Əgər qurum dövlət qurumudursa, demək, qərar qəbuletmə prosesində şəffaflıq vacibdir. Bizim məqsədimiz anlamaqdır! Bir daha deyirik: faktın yenidən elanını yox, səbəbi bilmək istəyirik”.