İncəsənət
İncəsənət

“Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi təşkil olunacaq

“Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi təşkil olunacaq

8 Noyabr – Zəfər Günü ilə əlaqədar 5 noyabr 2021-ci il – 31 yanvar 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi təşkil olunacaqdır. 

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarından seçilmiş Qarabağın qədim tarixini, mədəniyyətini və incəsənətini özündə əks etdirən eksponatlarla yanaşı, əslən Qarabağdan olan görkəmli sənət dühalarımızdan – Üzeyir Hacıbəylinin, Bülbülün və Niyazinin ev-muzeylərində onlara məxsus sənədlər, şəxsi əşyalar, hədiyyələr, fotolar, afişalar və digər qiymətli nümunələr təqdim olunacaqdır. 

Sərginin məqsədi Qarabağa aid sənət incilərinin nümayiş etdirilməsi ilə yanaşı, bölgədə və onun tacı olan Şuşa şəhərində mövcud olmuş abu-havanı, böyük sənətkarların yetişib boya-başa çatmasını şərtləndirən mühiti canlandırmaqdır.