Bu gün Azərbaycan muğamının xanı, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, mərhum Xalq artisti, “Şərəf nişanı” ordenli Xan Şuşinskinin doğum günüdür.
OLAY X.Şuşinskinin həyat və yaradıcılığı ilə bağlı məlumatları təqdim edir:
Xan Şuşinski 1901-ci il avqustun 21-i Şuşada anadan olub.
Əsl adı İsfəndiyar olan böyük sənətkar Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb.
Kiçik yaşlarından anasını itirən İsfəndiyar xalalarının himayəsində böyüyür. El arasında “Segah İslam” kimi tanınan məşhur xanəndə İslam Abdullayev İsfəndiyarın səsini eşidib bəyənir və onu şagirdliyə götürür. Məclislərin birində ev sahibi qramafonu qoşur. Təbrizli xanəndə Əbülhəsən xanın ifasında “Kürd Şahnaz”ı dinləyirlər. Sonra İslam tələbəsi İsfəndiyardan sözügedən ifanı oxumasını istəyir. 14 yaşlı İsfəndiyar ifası ilə bütün məclisdəkiləri heyran edir. Ustası İslam ona “Xan” təxəllüsünü verir.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.
Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də mahnılarını Xan Şuşinskinin ifasında dinləməkdən xüsusi zövq alırmış, xüsusən də “Qaragöz” mahnısını.
İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.
Xan Şuşinski 1979-cu ildə vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib.