İncəsənət
İncəsənət

“Seda”dan danışırlar...

“Seda”dan danışırlar...

Onun haqda danışan hamının fikri birdir: Çox yaxşı insan idi. Bəlkə də ürəyinin yaxşılığı üzündə əks olunan həmin nadir insanlardan biri olub. Həm səsi, həm ürəyi, həm də özü gözəl idi axı. Bir obrazı ilə yaddaşımızda qalan, ifasını eşidəndə qəlbimizin titrədiyi Firəngiz Rəhimbəyovadan gedir söhbət. “Bəxt üzüyü”nün Sedası 62 yaşında dünya ilə vidalaşdı.

Bu ağır itki ilə bağlı OLAY-a danışan Xalq artisti Afaq Bəşirqızı kədərini belə dilə gətirib:

“Çox yaxşı qız, yaxşı müğənni idi. “Bəxt üzüyü”ndə də çəkilməsi rejissorun fikri idi. Sonra gördük ki, uduzmamışıq. Firəngiz o rolu doğrultdu, canla-başla çəkilirdi. “Bunu oynaya bilmərəm” demirdi, rejissoru incitmirdi. Filmin gedişatına xələl gətirən nəsə etmirdi. İkinci dəfə “Bəxt üzüyü 2”də görüşdük. Onda da Los–Ancelesdə yaşayırdı. Orada ərə getmişdi. Ailə qurmuşdu. Hər şey yaxşı idi, razılıq edirdi. Hətta soruşdum ki, darıxırsan? Dedi, Azərbaycanda elə də yaxınımın qalmayıb. Əlbəttə, darıxıram, Vətəndir. Mən çox istəyirdim ki, o filmin təqdimatına gəlsin. Özü də dedi, iştirak edəcəyəm. Bildirmədi ki, niyə gəlmir. Söylədi ki, gələ bilmirəm. Deyirəm, bəlkə özünü pis hiss edirdi. Yenə də səhhəti ilə bağlı şikayət etməmişdi”.

“Bəxt üzüyü”nün Sarası, Əməkdar artist Gülşad Baxşıyeva bu acı xəbərdən çox məyus olduğunu deyib:

“Onun yaşı elə də çox deyildi. Sonra bildim ki, infrakt olub. Çox gözəl insan idi. Mən onunla “Bəx üzüyü”ndə tanış olmuşam. Çox sadə və səmimi idi. Düşündüklərini danışırdı, insanlara yuxarıdan aşağı baxmırdı. Çörəyini-suyunu bölüşərdi. Duyğularını və düşüncələrini bölüşən idi. Nikbin insan idi, bədbin yox. Anası rəhmətə gedəndə kədərini də bölüşmüşük. Hər Bakıya gələndə danışırdıq, görüş təyin edirdik. Məni unutmurdu. Ondan ancaq yaxşı şeylər danışa bilərəm. Adam kimi adam, gözəl müğənni idi. Onun “Ana torpaq” mahnısı var idi. Ondan sonra başqaları da ifa etdi. O daha duyğusal, ürəkdən, sevərək ifa edib. Aktrisa kimi də mükəmməl idi, bir filmə çəkilib. Amma orada da keyfiyyəti görünür. Ruhu şad olsun. Yeri cənnətlik olsun. Onsuz da  yeri cənnətdir. Çünki heç kimə pislik etməyib”.

Onunla ailəvi dost olan, Xalq artisti Eldar Mansurov da xatirələrindən söz açıb:

“Axşam eşitdim. Heç yaxşı olmadı. Qısa müddət əvvəl ad günündə danışmışdıq. Bakıya gəlsə, görüşmək barədə söhbət etmişdik. Həyatdır da. Heç kim bilmir ki, başına nə gələcək. O, heç vaxt şikayət etmirdi. Biz ailəvi dost idik. 1980-cı illərin əvvəllərindən ailəsi ilə gediş-gəlişimiz olub. O vaxt buradan köçəndə onu mən yola saldım, Səhər saat 5 radələrində yola düşürdü. Getdi Amerikaya. Hər bura gələndə görüşürdük. Səmimi, mehriban adam idi. Dava-dalaşla, söz atmaqla, kiminsə arxasınca danışmaqla işi yox idi. Çox heyfslənirəm ki, yaxşı adamlar gedirlər. Bizi canavarların arasında tək qoyurlar”.