Bu gün Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin Bakıda premyerası baş tutub.
OLAY yazır ki, 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin qalası Nizami Kino Mərkəzində keçirilib.
Təqdimatda sənədli filmin əsas qəhrəmanları, ictimai-siyasi xadimlər, mədəniyyət üzvləri iştirak edib.
"44 gün ərzində Halil Kahramanla çox acı şeylərin şahidi olduq. Bura hər gəlişimdə fərqli duyğular hiss edirəm. Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Belə bir filmin çəkilişi tarix üçün sübutdur. Əslində mənim adımın verilməyini istəmədim. Amma belə layiq gördülər. Savaş boyu çox cəsəd gördüm. Həyatımda ilk dəfə əsəb krizi keçirdim",- deyə F. Öztürk KİV-ə açıqlamasında bildirib.
Qeyd edək ki, ekran işinin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb. Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.
Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.
Fotolar: Nuran Məmmədov