Xalq artisti Məmmədbağır Bağırzadənin ölümünün 16-cı ildönümü ilə bağlı Noyabrın 28-də tədbir keçiriləcək.
Bu barədə OLAY-a mərhumun oğlu Rahim Bağırzadə məlumat verib.
O, bildirib ki, tədbir Bakı Şəhər Mədəniyyət Baş idarəsi tərəfindən Nardaran Mədəniyyət Mərkəzində Asif Qurbanovun rəhbərliyi ilə təşkil olunacaq. Mərasimdə M.Bağırzadənin əsasını qoyduğu “Dilkeş” insturmental ansamblı səhnə alacaq.
Bununla yanaşı, tədbirdə Əməkdar artistlər, Babək Niftəliyev, İlkin Əhmədov, Elnarə Abdullayeva, Xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teyyub Aslanov, müğənnilər Sahib İbrahimov İzzət Bağırov və başqaları iştirak edəcəklər.
Qeyd edək ki, M.Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən, öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib.
Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan “Səməni nazlı gəlin”, “Hülya”, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səsləndirilməkdədir.
Xalq artisti 2005-ci il 30 oktyabrda vəfat edib.