İncəsənət
İncəsənət

“Tarixdə xəyanətkar kimi qalacaqsınız!”

“Tarixdə xəyanətkar kimi qalacaqsınız!”

Bir müddətdir kino cameasında davam edən qalmaqal daha da alovlanıb. Buna səbəb Azərbaycan Kinematoqrafçılar ittifaqının yaydığı xəbərdarlıq olub.
Qurumun keçmiş sədri, mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyov və indiki rəhbəri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlar edən şəxsləri məhkəməyə verəcəyi açıqlanıb.

OLAY sözügedən məsələylə bağlı Xalq artisti Şeyx Əbdül Mahmudovun münasibətini öyrənib:

“Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Rüstəm İbrahimbəyov qanuni ittifaqımızı satıb, soyub, bağlayıb, Azərbayacana xəyanət edib gedib, ermənilərlə kino da çəkib. Sonra qayıdıb ittifaq ola-ola ,qanunsuz bir qurum yaradıb. Vaxtilə o ittifaqdan qovulanlar, qaçanlar yenidən yığılıblar ora. Əslində isə onlar kinoya aidiyyəti olmayan adamlardır. Kinonun öz qanuni ittifaqı da, yeri də, tarixi də var. Azərbaycanda bir kino, bir də ittifaq ( Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını nəzərdə tutur – red.) mövcudur.

Onlar qanuni dövlət ittifaqını qoyub qaçanlardır. Rasim Balayev qoca, xəstə vaxtında camaatı bir yerə yığıb, ümumi birlik yaratmaqdansa, kinonu parçalayan ittifaqa niyə sədrlik edir? Nə məqsədlə? Hələ bir də cəsarət edib artıq-əskik danışırlar. Onlara ar olsun! Ayıblarına kor olmaqdansa, nəsə danışmağa da cürət edirlər. Hamı bilir ki, 6 il əvvəl ittifaqı bağlayıb çıxıb getmisiz. Yer də əlimizdən alınıb. Nə yaxşı ki, Şəfiqə xanım (Xalq artisti Şəfiqə Məmmədova – red.) qalıb, onun sayəsində Nizami Kino Mərkəzində dövlət hesabına qurultay keçirilib, ittifaq fəaliyyətə davam edib. Rüstəmi və digərlərini də qaçıb getdikləri üçün atıblar bayıra. Adamın gərək insafı olsun. Qaçdığı yerə qayıdıb, kinoda qarşıdurma yaradır. Kino kinoçularındır, aktyorların deyil! Aktyorlar kinoya çəkilib sonra gedirlər. Onlar yenidən qudurmasınlar! Cəsarət edib, başlarından böyük danışırlar. İnsan bu qədər ... (qeyri-etik ifadə işlədir - red.), həyasız olar?”.

Kinorejissorun fikrincə ittifaqların birləşib, qurultay keçirilməsi daha düzgün olardı:

“Rüstəm öldü çıxdı-getdi. Qayıtmaq istəyirdiz, gələrdiz ittifaqa. Seçilmək istəyirdizsə, namizədliyinizi irəli sürərdiniz, kinoçular kimi istəsə, o seçilərdi. Yoxsa gizli bir otağa yığılıb, sədr seçirsiz. Rüstəm İbrahimbəyovun xəyanətini davam etdirirsiniz? Kinoya qarşı bu nə təxribatdır? Rasimə də ayıb olsun. Mənim ona etdiyim yaxşılıqlar ar olsun, arxamca öz səviyyəsinə uyğun sözlər danışıb”.

Ə. Mahmudov R. Balayevlə dostluq münasibətlərinin pozulmasından söz açıb:

“Mənim dostum, həyatım kinodur. Ömrümün 62 ilini kinoya həsr etmişəm. Kinonun tozunum-torpağının içində böyümüşəm. Demişəm ki, Rasim xəstə, yaşlı-başlı adamdır, ondan alət kimi istfiadə edirlər. Hətta onu seçənlərdən biri mənə dedi ki, Rasimi ona görə sədr seçirik ki, onun adı var, məktub göndərəndə münasibət bildirsinlər. Mən də Rasimə dedim ki, kinoçu olmasan da, belə bir tarixi şans sənin əlinə düşüb. Barışıq, birlik elan et, bəyanət ver. Biz də Şəfiqə xanımla danışmışıq. Birləşək, kino camaatı bir araya gəlsin. Çünki kino mənəm, Balayev deyil. Bu adamları bir araya yığaq, qurultay keçirək. Niyə bundan qaçdılar? Etmədilər? İnsanda hansı sifət olsun ki, məhkəməyə verəcəyini desin. Əslində, mən onu təhqiramiz sözlərinə görə məhkəməyə verə bilərəm. Amma işimi nə məhkəmə ilə, nə də Rasim kimi boş-boş danışmaqla həll edirəm. Deyirəm ki, siz kino cameasına xəyanət etmisiz. Kinoya aidiyyəti olmayan 3-5 nəfər özün kimi adamı yığmısan. Səndən bir vasitə kimi su-istifadə ediblər. Hələ bir danışırsan da! Adam ayıbına kor olar. Xəyanət etmisiz, xəyanətkar kimi də tarixdə qalacaqsınız”.

Rasim Balayevin ittifaqa sədr seçilməsi ilə hansısa bir dəyişiklik olmayacağını deyən Əməkdar İncəsənət xadimi Ayaz Salayev isə sözügedən xəbərdarlıqla bağlı sualımızı cavablandırmayıb. O bildirib ki, bu gün filminin nümayişi olacaq, bununla bağlı bir neçə gün sonra açıqlama verə bilər.