Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib.
OLAY yazır ki, tədbirdə əvvəlcə Rəsul Rzanın ifasında lentə alınan arxiv materialı - “Dünyanın dərdi” şeiri səsləndirilib.
Mərasimdə çıxış edən Xalq yazıçısı Anar Rzayev muzeyin yaradılması ideyasının necə formalaşdığı barədə danışıb, Rəsul Rzanın həyat və yaradıcılığından söhbət açıb.
Mədəniyyət naziri Adil Kərimli ev-muzeylərinin xalqın mədəni yaddaşının qorunmasında oynadığı rolu vurğulayıb. Bildirib ki, Rəsul Rzanın ev-muzeyinin əsası Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə qoyulub, 2023-cü ildə rəsmi olaraq təsis edilib və bu gün ictimaiyyətin istifadəsinə verilib. Qeyd olunub ki, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi isə 2004-cü ildə yaradılıb.
“Bu ev-muzeyi böyük sənətkarın irsini gələcək nəsillərə daha dolğun şəkildə çatdıracaq. Rəsul Rzanın və həyat yoldaşı, tanınmış şairə Nigar Rəfibəylinin xatirələri bu münasibətlə bir daha yad edilib. Hər bir eksponatda onların nəfəsini duymaq mümkündür. Bizim üçün qürurvericidir ki, Xalq yazıçısı Anarın təqdimatında Rəsul Rzanın həyat yolunun incəliklərinə səyahət etdik”, - A.Kərimli əlavə edib.
Xalq artisti, diplomat Polad Bülbüloğlu Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb. O, illər əvvəl Rəsul Rzanın sözlərinə bəstələdiyi mahnını xatırladaraq, bu evin onun üçün nostalji duyğular doğurduğunu bildirib. Polad Bülbüloğlu söyləyib ki, Azərbaycanın görkəmli sənətkarlarının xatirəsinin yaşadılması dövlət siyasətinin əvəzsiz hissəsinə çevrilib.
Xalq şairi Sabir Rüstəmxanlı ev-muzeyinin açılmasının Azərbaycan ədəbi-mədəni həyatında mühüm mərhələ olduğunu deyib: “Rəsul Rzanın yaradıcılığı dünya poeziyasında yeni nəfəs, yeni istiqamət olub və onun irsi hələ uzun illər ədəbiyyatımıza yol göstərəcək”.