İncəsənət
İncəsənət

Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

Xəbər verdiyimiz kimi, IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankaradan gələn kuklaçılardan ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

OLAY yazır ki, festival proqramına uyğun olaraq qardaş ölkənin kukla sənətçiləri iki gün müddətində həm fərqli mövzu, janr və texnikada iki tamaşa ilə bakılı teatrsevərlər qarşısında çıxış etdilər, həm də taxta kukla hazırlamasını, yəni ənənəvi Hacıvat-Qaragözü uşaqlara nümayiş etdirdilər.

Beləcə istər tamaşalar, istərsə də emalatxana şəraitində taxta kuklalarla iş izləyicilərə xoş anlar yaşatdı.

Tamaşaçılar ilk olaraq aprelin 28-də Azərbaycan Dövlət Kukla Teatrında “Qaragözün macəraları” adlı tamaşanı izlədilər.

Kukla sənətçisi, Türkiyədə öz sahəsində sevilən Seçkin Günəşin Qaragöz pərdəsi arxasından göstərmiş olduğu ifaçılıq məharəti ölkəmizdə də kifayət qədər populyar dostlar – Hacıvat ilə Qaragözün yeni hekayətinə qatmış olduğu əyləncə balaca tamaşaçılarda xoş ovqat yaratdı.

Anşlaqla keçən nümayişin ardınca hər iki ölkənin teatr təmsilçiləri bu kimi ortaq tədbirlərin səhnə, sənət sahəsində davamlı əlaqələrin daha da inkişafına təkan verəcəyini dedilər.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə festivalın yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan və Türkiyənin mədəniyyət nazirliklərinə, ümumilikdə qardaş sənətçilərin bir səhnədə toplaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Artıq ənənəyə çevrilməklə türkdilli kuklaçıların yeni və maraqlı təmas nöqtəsinə çevrilən bu festivala uzun ömür arzuladı.

Ardınca qonaq kuklaçıları festivalın Bakı mərhələsində uğurla iştirak etdikləri üçün (Sənəm Arıkan, Abdullah Bəyazdaş, Seçkin Günəş, Əli Akbəy, eləcə də İbrahim Göydəmir, Şafak və Nazan Poyrazoğlular) təltif etdi.

Dost, qardaş ölkədə növbəti səfərindən məmnunluqla danışan Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Sənəm Arıkan xoş münasibətə, dördüncü dəfə kuklaçıları bir yerə toplamaqla onların dostluq və yaradıcılıq təmasına nail olan festivala dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Kukla Teatrına təşəkkürünü bildirdi.

Hər yeni görüşün onlar üçün yeni təcrübə və xoş xatirə olduğunu dilə gətirdi. Festival proqramının ikinci günü də maraqlı və dolğun oldu.

Belə ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin ənənəvi sənətkarlara vermiş olduğu “Yaşayan insan xəzinəsi” ünvanına sahib kukla hazırlanması üzrə sənətkar Əli Ağbəy balacalara özünəməxsus tarixə malik kuklaların, fərqli üsullarla ərsəyə gətirilən taxta oyuncaqlardan bəhs etdi, onları da prosesə qoşaraq bu sənət növü haqqında bilgilərini əyani bölüşdü.

Sonra uşaqlar Bursadan gələn kukla sənətçisi Abdullah Bəyazdaşın müəllif və ifaçısı olduğu “Dostum kukla” adlı birhissəli kukla tamaşasını izlədilər.

İpli kuklalardan ibarət musiqili tamaşanın əsas ideyası dostluq, sevgi idi.

Bir aktyorun bir neçə kukla ilə göstərdiyi səhnə performansı tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.

Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti ustaları da iştirak edirdilər.

Ankarada start götürən sənət bayramı bakı mərhələsindən sonra Özbəkistanda (2-5 may) davam edəcək.

Tədbirin bağlanışı isə Şimali Kipr Türk Cümhuriyyətində olacaq.