Fevralın 28-də Nizami Kino Mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin təqdimatı keçirilib.
OLAY yazır ki, tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin əməkdaşları, yaradıcı heyət, filmin qəhrəmanı Natiq Qasımovun ailə üzvləri və digər qonaqlar iştirak edib.
Təqdimatdan öncə jurnalistlərin suallarını cavablandıran ekran işinin rejissoru və ssenari müəllifi Karan Sinq bildirib ki, film italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb:
“Mən Enriko ilə ilk dəfə görüşəndə onun Vyetnamla bağlı şəkilləri haqqında danışmaq istəyirdim. Amma daha sonra o, mənə Qarabağda baş verənlər haqqında danışdı. Ondan sonra başa düşdüm ki, bu hekayə bütün dünyaya tanıdılmalıdır. Bu bəşəri bir hekayədir. Bu filmi izləyən hər kəs ailədə itkinin nə demək olduğunu çox yaxşı anlayacaq”.