Mayın 14-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovun 105 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.
OLAY yazır ki, konsert proqramında Xalq artistləri Malik Mansurov, Elçin Haşımov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Qoçaq Ələsgərov, Vüsal İsgəndərzadə, Şəhriyar İmanov, həmçinin beynəlxalq və respublika müsabiqə laureatları çıxış edəcəklər.
Qeyd edək ki, Xalq artisti Hacı Məmmədov milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən biri olub. Sənətkarın ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir. Çünki tarzən yaradıcılığı boyu sənətin incəliklərinə dərindən yiyələnib, öz fərdi ifaçılıq üslubuna nail olub. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən dərs alan Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib. Onun zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb.